Qafqazın ən böyük anbarından reportaj - Fotolar

qafqazin-en-boyuk-anbarindan-reportaj
Oxunma sayı: 3317

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “AVT Logistika” MMC Qafqazın ən böyük anbarıdır. 2015-ci ildə qrupa daxil olan şirkətlərin istehsal və idxal etdiyi malların logistikasının həyata keçirilməsi məqsədilə yaradılan mərkəz ölkənin gündəlik istehlak mallarına olan tələbatının böyük bir qismini təmin edir.

48,000 m2-lik qapalı anbar sahəsinə və 87,000 palet tutumuna malik anbarda demək olar ki, bütün proses avtomatlaşdırılmış şəkildə həyata keçirilir.

“Qafqazinfo” media-tur çərçivəsində “AVT Logistika” MMC-də və “Xonça” Fabrikində olub, gündəlik iş prosesini izləyib.

Mətbuat nümayəndələrini anbarın iş prinsipləri ilə tanış edən “AVT Logistika” MMC-nin İdarə Heyətinin sədri Co Daybelin sözlərinə görə, şirkətin məqsədi optimal xidmət təşkil etməklə istehlakçıya keyfiyyətli və ucuz malların təklif olunmasıdır. “AVT Logistika” MMC 20 ölkənin 100-dən çox fabriki ilə işləyir. Anbarda təkcə idxal olunan məhsulların çeşidi 3500-3700 arasında dəyişir. Burada qida və qeyri-qida məhsulları tamamilə ayrı hissələrdə yerləşdirilib.

Şirkət sahib olduğu 500-dən çox nəqliyyat vasitəsi (200 ədəd xüsusi soyuducu sisteminə malikdir) ilə aylıq 2 milyon km-dən çox məsafə qət etməklə, 15,000-dən çox satış nöqtəsinə sifarişlərin vaxtında çatdırılmasını həyata keçirir. -18°C-dən +23°C-yə qədər rejimdə təzə, dondurulmuş və soyudulmuş qida məhsulları və digər növ qida və qeyri-qida məhsullarının saxlanması, sifariş üçün hazırlanması, paketlənməsi, etiketlənməsi, paylanma və qaytarma əməliyyatları şirkətdə çalışan 2,200-dən çox əməkdaş tərəfindən həyata keçirilir. Anbarda yuxarı cərgələrdəki paletlərə məhsullar saxlanılma, aşağı hissədə isə toplanılma üçün yerləşdirilir. 

Anbarda boşluq və sakitlik diqqətimizdən yayınmır. Öyrənirik ki, hazırda çay saatı fasiləsidir, işçilər qayıdandan sonra burada qaynar iş başlayacaq. Növbəti şöbədə isə daha az hərəkətli və həmçinin bahalı məhsullar, o cümlədən, içkilər, bahalı şokoladlar, geyimlər və digər məhsullar saxlanılır. Həm də onu öyrənirik ki, bu şöbə daha çox diqqət tələb etdiyindən işə yalnız xanımlar götürülüb.

“AVT Logistika” MMC yerli məhsullarla yanaşı bir çox ölkədən mal idxalı, həmin malların saxlanılması və çatdırılması prosesini tamamilə həyata keçirir. Bu isə şirkətə bazara uyğun əlverişli qiymət strategiyasını həyata keçirməyə imkan verir. Şirkət 2021-ci ildən etibarən əlavə 300 mağazaya xidmət göstərməklə müştərilərin keyfiyyətli məhsulla bağlı seçim imkanını artırıb. Bu il 10,432 m² sahəyə malik yeni təzə və dondurulmuş logistika mərkəzinin inşasına başlanılıb. Təzə və dondurulmuş məhsulların, meyvə-tərəvəz məhsullarının keyfiyyətlə saxlanılmasına imkan verəcək yeni mərkəzin 2022-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Anbardan çıxıb yaxınlıqdakı yeni tikili ilə tanış oluruq.

Həmsöhbətimiz - şirkətin İdarə Heyətinin üzvü Pərviz Qasımov bildirir ki, anbarın ölçüsünün böyük olması pandemiya dövründə də işə yarayıb. Ölkənin böyük hissəsini qida və digər zəruri mallarla təmin edən anbarın olması pandemiya dövründə hər hansı sıxıntı yaşamadan başa vurmağımıza kömək edib. P. Qasımovun sözlərinə görə, hər məhsulun istifadə müddətinin bitməsinə bir ay qalıbsa, o şəbəkədə qırmızı rəngdə görünür və satışdan yığışdırılır.

Anbarların sistemli şəkildə idarə olunması üçün qabaqcıl proqram təminatlarından və texnologiyalardan istifadə olunur və nəticədə bu üstünlüklər əldə edilir: anbar daxilində gedən bütün prosesləri, həmçinin daşımanı həyata keçirən nəqliyyat vasitələrini izləmək və vaxtında müdaxilə etmək, minimal resursla, kağızsız, yalnız barkodla əməliyyatları xətasız icra etmək, əlavə müdaxilə olmadan sistem üzərindən hesabatlar çıxarmaq və bütün əməliyyatların qeydiyyatını və performans dəyərləndirilməsini aparmaq.

Keyfiyyətli xidmətlə yanaşı, əməkdaşlarının inkişafı da “AVT Logistika” MMC-nin prioritetlərindən biridir. Şirkətdə uzun müddətli karyera üçün şərait yaradılır, mütəxəssis olaraq işə başlayan əməkdaşlar lider olaraq yetişir və yüksək vəzifələrə təyin olunurlar. Anbar əməkdaşlarının ixtisasının artırılması məqsədilə bu ilin əvvəlindən “Fəhlədən mütəxəssisə” proqramına start verilib. Proqram çərçivəsində fəhlə kateqoriyasına daxil olan əməkdaşlara potensiallarına və maraq dairələrinə uyğun peşələrə yiyələnmələri üçün təlimlər verilib. “AVT Logistika” MMC ixtisaslı peşə yönümünün inkişafına töhfə vermək məqsədilə müvafiq peşə məktəbləri ilə tərəfdaşlıq edir, məzunların şirkətdə istehsalat təcrübəsi keçməsi və gələcəkdə işlə təmin olunması üçün şərait yaradır.

Şirkətin İdarə Heyətinin sədri bildirib ki, gələcəkdə işğaldan azad olunan Qarabağa investisiya qoyulması da nəzərdə tutulub və növbəti 20 il ərzində bunun üzərində çalışılacaq.

Növbəti istiqamət isə “Xonça” Fabrikidir. “Araz” supermarketlər şəbəkəsinə daxil olan “Xonça” Fabriki 2018-ci ildə fəaliyyətə başlayıb. Ümumi istehsal sahəsi 6230 kv2 metr olan “Xonça” 3 əsas istiqamət üzrə - şirniyyat və un məmulatlarının istehsalı, ət istehsalı və keytrinq xidmətləri sahəsində fəaliyyət göstərir.

Təmizlik qaydalarına xüsusi riayət olunan fabrikə giriş yalnız xüsusi geyimlə mümkündür. Həmçinin bütün şöbələrdə və koridorlarda əl dezinfektantları yerləşdirilib. Mətbuatdan olan qonaqları fabrikin işi ilə tanış edən “Xonça” Fabrikinin İstehsalat departamentinin müdiri Rəhman Ələkbərovun sözlərinə görə, hər günün öz planı və plana uyğun istehsal var. Plan isə satışdan və tələbdən irəli gəlir.

Əvvəlcə lazım olan xammal xüsusi şöbədə qəbul olunur. Un ələnir, bundan sonra tərkibində dəmir qırıntıların olmaması üçün maqnit qurğulardan keçirilir. Həmçinin istehsal prosesində lazım olan məhsullar, o cümlədən qoz ləpəsi təmizlənərək hazırlanır, içlik düzəldilir. Növbəti otaqda isə şirniyyatların tərkibinə vurulan yumurtalar 3 etapda emal olunur.

Fabrikdə sol tərəf biskvitlərin, sağ tərəf isə kremin hazırlanması üçün şöbələrə bölünüb. Departament müdiri bildirir ki, hazırda olan sifarişlərin miqdarı üçün bu avadanlıqlar kifayət edir. 

“Xonça”nın şirniyyat və un məmulatları üzrə fəaliyyəti müasir və yüksək texnologiyalı avadanlıqlarla, həmçinin İsveçrənin Rondo markasına məxsus istehsal xətti, Almaniya istehsalı olan “MIWE” sobaları ilə təmin olunur. Hazırda “Xonça” şirniyyat fabrikində 200 çeşiddən çox un məmulatı istehsal olunur. Müəssisənin ümumi illik istehsal həcmi 8,000 tondur. Fabrikdə Fransa, Almaniya, Avstriya, Rusiya və Ukraynada xüsusi təlim keçmiş texnoloqlar və işçi heyəti çalışır. Buradan süfrələrə ləzzət gətirən un məmulatlarını “Araz” və “Spar” Supermarketlər şəbəkəsini əhatə edən 111 satış nöqtəsindən əldə etmək mümkündür. 2022-ci ildə istehsal və satış dövriyyəsinin 60% artırılması nəzərdə tutulur.

“Xonça” Fabrikinin digər önəmli fəaliyyət istiqaməti yalnız yerli cins heyvanların ətindən istifadə edilərək həyata keçirilən ət emalıdır. Heyvanların qəbulu zamanı müəyyən göstəricilər üzrə seçim həyata keçirilir. Baxış zamanı dana əti cəmdəyinin maksimal xalis çəkisinin 210 kiloqram, qoyun əti cəmdəyinin isə 18 kiloqrama qədər olmasına fikir verilir. Təzə ət emal olunaraq “Araz” və “Spar” Supermarketlər şəbəkəsində əhaliyə təqdim olunur.

Fabrikin yeni istiqamətlərindən biri olan keytrinq keyfiyyətli xidmət missiyasına xidmət edir. Hazırda Məhəmmədi, Keşlə, Balaxanı ərazisi, Salyan rayonu və Mingəçevir şəhərində yerləşən 5 mətbəxdə ən yeni avadanlıqlarla istehsal prosesi aparılır. “Xonça” hal-hazırda 10 şirkətə korporativ keytrinq xidməti göstərir. Burada həm yerində istehsal və xidmət, həm də termoboks və birnəfərlik qablarda çatdırılma həyata keçirilir. Qeyd edək ki, sadəcə Məhəmmədi ərazisindəki mətbəx gündəlik 10,000 porsiya yemək hazırlamaq potensialına malikdir. İstər inqredientlər, onların saxlanma və istifadə şərtləri, istərsə də yeməyin hazırlanması daxili Keyfiyyətə Nəzarət departamenti tərəfindən daimi yoxlanılır və hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə nümunələr təqdim edilir. Şirkət tərtib etdiyi gündəlik menyu baxımından bazarda ən uyğun və ən keyfiyyətli ketrinq xidməti təklif edir.

Qeyd edək ki, “Xonça” Fabriki Bakı Peşə liseyi ilə əməkdaşlıq çərçivəsində liseyin şagirdləri “Xonça” istehsalat sahəsində təcrübə keçə, həm də məzun olduqdan sonra burada işlə təmin oluna bilərlər. Ləzzəti və xüsusi tərkibi ilə fərqlənən məhsulların hazırlanmasında keyfiyyətli xammal və inqridientlərdən istifadə olunur. “Xonça”nı fərqli edən də elə budur.

Gülnar Əliyeva