Bu gün "Qafqazinfo" xəbər portalında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin bölgüsündə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib.
İclası “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”nin müəyyənləşdirilməsi, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın iki üzvü – Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə və Fondun Müşahidə Şurasının üzvü və MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli izləyib.
İclasda çıxış edən "Qafqazinfo" saytının baş direktoru Elbrus Ərud mənzillərə namizəd olan əməkdaşların adlarını açıqlayıb.
Daha sonra səsvermə keçirilib. Səsvermə nəticəsində saytdan 3 nəfərin namizədliyi irəli sürülüb.