“Qafqazinfo”dan xüsusi - - Bəyanat

qafqazinfodan-xususi-
Oxunma sayı: 770


Söhbət ondan gedir ki, bu gün tanınmış onlayn media qurumlarının domenlərinə oxşar domenlər alaraq saytlar yaradan və bununla da “reket” fəaliyyəti ilə məşğul olan xeyli sayda “portallar” yaranıb. Həmin “saytlar” qanundankənar, qarayaxma və böhtan xarakterli fəaliyyətləri ilə insanları təhdid edir və öz istəklərinə çatmayınca onlardan əl çəkmirlər. Bu materiallara cavab vermək istəyən qarşı tərəflər isə ad oxşarlığına görə səhvən tanınmış medialara üz tutur, bəzən hətta məhkəmələrə belə müraciət edirlər. Məsələni aydınlaşdıranda isə məlum olur ki, söhbət heç də, tutaq ki “Qafqazinfo”dan deyil, domenin əvvəli “qafqaz” olan başqa bir saytdan gedir. Bu vəziyyətlə Azərbaycanın demək olar ki, əksər peşəkar media qurumları üzləşiblər. Hətta bununla bağlı hüquq-mühafizə orqanlarına müraciətlər olub. 

Eyni vəziyyət “Qafqazinfo”da da yaşanır. Məsələ belədir ki, artıq bununla neçənci dəfədir ki, “Qafqaznews” adlı bir saytda gedən hansısa materiala görə oxucular “Qafqazinfo”nun redaksiyasına gələrək ciddi etirazlar bildiriblər. Bu anlaşılmazlıqlar qarşıdurmalara qədər gedib çıxır. “Qafqazinfo” rəhbərliyi bir neçə dəfə sözügedən saytın rəhbərlərinə telefonla müraciət edərək onların nəzərinə çatdırıb ki, bu hal davam edərsə, aidiyyatı qurumlara müraciət edərək ölçü götürülməsini tələb edəcəklər.

Lakin görünən odur ki, problem nəinki həll olunmur, əksinə şikayətçilər hər gün daha da artır: “Bəzən onlar harasa zəng edərək saytın adının əvvəlki hissəsini çəkir və “Qafqazdanıq” deyirlər. Bu halda isə insanların əlbəttə ki, ağlına ilk gələn “Qafqazinfo” olur”.

Bir daha yaranmış bu acınacaqlı vəziyyətlə bağlı “Qafqazinfo” olaraq Mətbuat Şurasına müraciət edir və problemin həlli istiqamətində ciddi addımlar atmağı xahiş edirik. Eyni zamanda, müraciət həm Azərbaycanın jurnalist ictimaiyyətinə və Respublika Prokurorluğuna da göndəriləcək.

“Qafqazinfo”