“Qalib Azərbaycan Heydər Əliyev yolu ilə yeni zəfərlərə doğru irəliləyəcək”

qalib-azerbaycan-heyder-eliyev-yolu-ile-yeni-zeferlere-dogru-irelileyecek
Oxunma sayı: 923

“Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizdə, onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd edilir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, daim azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Bu gün müasir müstəqil, qalib Azərbaycanın uğurlarından, yeni-yeni hədəflərə doğru inamla irəliləməsindən fəxrlə bəhs edirik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Azərbaycan təkmil inkişaf modeli ilə dünyanın diqqətindədir:

“Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Təəssüflər olsun ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edən ünsürlərin idarəçilik qabiliyyətlərinin yoxluğu, hakimiyyət uğrunda gedən mübarizə, şəxsi ambisiyaların dövlət maraqlarını üstələməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Eyni zamanda, Silahlı Qüvvələrin torpaqların deyil, ayrı-ayrı qrupların maraqlarına xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Bütün bu yaşananlar xalqın sabaha ümidini itirmişdi. Belə bir çətin məqamda xalq ayağa qalxaraq xilaskarını-Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Xalqının, ölkəsinin taleyinə biganə qalmayan Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni bir dövr başladı”.

Depuatat vurğulayıb ki, ölkəmizin son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyevin  rəhbərliyi ilə qazandığı uğurların miqyası ölçüyəgəlməzdir:

“Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcı oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzur müasir tələblərə uyğun olaraq yenidən qurulur, bərpa edilir. Soydaşlarımızın torpaq həsrətinə son qoyularaq artıq onların mərhələli şəkildə Böyük Qayıdışı həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ona göstərilən inamı və etimadı doğrultdu, dahi şəxsiyyətin vəsiyyətini yerinə yetirdi. Qalib Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə yeni zəfərlərə doğru irəliləyəcək”.