Qalib Rəhimovun oğlunun məhkəməsi başladı - Yenilənib

qalib-rehimovun-oglunun-mehkemesi-basladi
Oxunma sayı: 3343

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu, ölümlə nəticələnən qəzası törətməkdə təqsirləndirilən Arif Rəhimovun məhkəməsi başlayır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iş hakim Cavid Hüseynovun icraatındadır və bu gün ilkin hazırlıq iclası keçiriləcək.

Qeyd edək ki, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Hadisə A.Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib.

***

10 avqust 1998-ci il təvəllüdlü A.Rəhimovun məhkəməsində hazırlıq iclası baş tutub. Onun anket məlumatları dəqiqləşdirilib. 19 yaşlı Arif Rəhimovun subay, orta təhsilli, hərbi xidmətdə olmayan və işsiz olduğu bəlli olub. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Proses yanvarın 12-də davam etdiriləcək.

Qeyd edək ki, A.Rəhimov qəza törədən zaman Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alırmış. Qəzadan sonra həbs edildiyi üçün təhsilini davam etdirə bilməyib və bu səbəbdən orta təhsilli hesab edilir.

***

Hadisə zamanı A.Rəhimovun atası Qalib Rəhimov da maşında olub. Xəsarət alan Q.Rəhimov oğlunun cinayət işində zərərçəkmiş kimi tanınıb.

Murad Əhməd