Qalib şahmatçılar mükafatlandırıldı - Fotolar

Qalib şahmatçılar mükafatlandırıldı
Oxunma sayı: 1084

Şahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan çempionatına yekun vurulub. 3№-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat İdman Məktəbində təşkil edilən turnirdə ümumilikdə 314 nəfər (193 oğlan, 121 qız iştirakçı) medallar uğrunda mübarizə aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Turnirin bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və 1-ci Vitse-prezident Faiq Həsənov qaliblərə diplom və medalları təqdim edib.

Yekun nəticəyə əsasən Mehriban Əhmədli, Səfa Hümmətov (8 yaşlılar), Əsnad Baxşızadə, Şəmsi Qaraxanov (10 yaşlılar), Xanım İsmayılova, Yunis Mahmudzadə  (12 yaşlılar), Nərmin Abdinova, Tunar Davudov (14 yaşlılar), Nazlı Hümbətova, Şiroğlan Talıbov (16 yaşlılar), Səbinə Rzalı və Xəzər Babazadə (18 yaşlılar) müvafiq yaş kateqoriyasında Azərbaycan çempionatının qalibi adını qazanıb.

Müxtəlif yaş kateqoriyasında Nurgül Qənbərli, Nihad Vəlisoy, Leyla Mirzəliyeva, Mirnamiq Ağazadə, Lalə Hüseynova, Paşam Əlizadə, Nurtən Nuriyeva, Allahverdi Həmidov, Aydan Şükürova, Süleyman Süleymanlı, Mələk İsmayıl və Fərid Mustafayev ikinci yeri tutub.

Zəhra Xəlilzadə, Məhəmməd Kazımzadə, Fatimə Mirzəliyeva, Məmməd Məmmədzadə, Səadət Bəşirli, Yusif Kərimli, Leyla Rzalı, Rüstəm Rüstəmov, Nərmin Nəsibova, Aqil İsrailov, Səmra Qasımova və İsmayıl Qurbanlı yarışı üçüncü yerdə başa vurub

Çempionatda hər kateqoriya üzrə ilk üç yeri tutan şahmatçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunub. Qaliblərə federasiya tərəfindən pul mükafatı verilib. I yeri tutan şahmatçılar 2022-ci il müvafiq yaş qruplarında Dünya çempionatına, II yeri tutan şahmatçılar isə Avropa çempionatında ölkəmizi təmsil edəcək.