“Qan bankı”nda qansızlıq

qan-bankinda-qansizliq
Oxunma sayı: 3112


Sosial şəbəkənin varlığından narahat olanlar bir yerdə haqsızdırlar. Bu virtual məkan yediyi kabıbı reklam edənlərlə yanaşı xeyirxah insanların da baş vurduğu zonadır. Çoxunun ürəyini boşaltdığı, heç kəslə sirdaş ola bilməsə də, birdən birə onlarla insana dərdini dediyi yerdir. 

  Bu aralar paylaşılan xalq xəbərləri arasında bir məqam məni narahat edir. Kim isə yaxını, qonşusu, tanışı üçün qan istəyir, buradakı dostlarından xəbəri ətrafa yaymağı xahiş edir. Bu zamanda kiməsə qanını bağışlamaq həm ürək, həm də cəsarət istəyir. Çünki camaat onsuzda qansızlıqdan əziyyət çəkir. Elə bil xalqımın qanı çəkilib, çoxunun rəngi də bilinmir. Biri qan vermək istəsə belə, ona təəccüblə baxırlar. O dəqiqə soruşurlar, “doğmandı, qardaşındı, bacındı”. Məgər yada qanını bağışlamaq qəbahətdirmi? Axı bir Allah bəndəsinin o biri Allah bəndəsinə qan verməsi niyə bu qədər müəmma  yaradır? Bir insanın həyata qayıtmasında sənin də payın olacaqsa, bunun nəyi pisdir? Var, şükür ki qan qardaşlığına könüllü rızasını verənlərimiz var. İnsanlıq ölməyib, qınaq, təəccüb bol olsa belə.

Bu yaxında tanış qadın təcili əməliyyat olunmalı idi. Yenə onun üçün qan verilməliydi. Sosial şəbəkədəki elana bir neçə saatda cavab gəldi.  Qan verən savab iş tutdu, xəstə salamat qaldı. Amma hər zaman da yardımdan yana şans ehtiyacı olanın üzünə gülmür. Başqa sözlə, qan ələ gəlmir. 

Fikir vermisinizsə, qan axtarışı son vaxtlar geniş yayılıb. Axı bizim bir də Mərkəzi Qan Bankı deyilən səhiyyə ocağımız da var. Amma bu “ocaq” ətrafdakılarını isidə bilmir. Çünki ora müraciət edib qan istəyənləri uzun sorğu-sual və nəticəsiz cavab gözləyir. Günah qalır xəstənin boynunda. Niyə qanın qurtarır ki, qan-qan deyib, qapı-qapı dilənəsən. Camaat qanını artırmaq üçün dəva-dərman, yaxşı yemək  həsrətindədi, heç qan bağışlamaq vaxtıdı?

Qan axtaranların Qan Bankına işi düşməsin. Ağız açanı “qan yoxdur” cavabına elə öyrəşdirirlər ki, oradan birdəfəlik ümüdini kəsirsən. Hələ Qan Bankımızın internet saytına baxın. Saytın baş köşəsində “qan ver”in telefonu yazılıb. Yəni, belə çıxır ki, bankımız qan satan, ya da qan saxlayan missiyasından çox qan yığan vəzifəsini daşıyır. Qanın çoxdursa, başına vurursa, qan ver, necə ver? Bax, bunun da qaydası orada yazılıb. Açıq-aydın yazılıb, amma bir məqamı anlamaq çətindir. Tək barmaqdan alınan qanla qısa müddətdə müayinə aparıb həmin donorun tam sağlam olmasını bilmək mümkündürmü? Göstərilən nəticə qaneedicidirmi? Əgər bu şəxs hepatit C kimi xəstəliyi barədə heç özü də bilmirsə, onun qanını alıb bankda saxlamaq insafdandırmı? Xatırlayıram, bir neçə il əvvəl məhz donor qan hesabına bir xəstə sağalmaq əvəzinə ölmüşdü. Bu fakt ört-basdır edilsə də, ortaya çıxmışdı. İndi sözüm ondadır ki, Qan Bankının pərakəndə şəkildə donor axtaran vətəndaşdan bir elə fərqi yoxdur. Qan Bankının pulsuz verməli olduğu qanı pulla satanlara nə deyirsiz? Bunun adı da olur, qan alveri. 

  Hələ 2005-ci ildə Dünya Səhiyyə Təşkilatı könüllü qan donorluğunu təsdiqləyən bəyənat qəbul edib. 2004-cü ildən isə Beynəlxalq Qan Donoru günü qeyd olunur. Ölkənin qana olan tələbatının hərtərəfli ödənilməsi barədə Səhiyyə Nazirliyinin 2011-2015-ci illər üçün əmrləri də “işləyir”. Əmrlər necə işləyir, göz qabağındadı, Mərkəzi Qan Bankının özü haqqında deyəcəyi yoxdur. Bankın rəsmi saytında “haqqımızda” bölməsində “hal-hazırda heç bir məlumat yoxdur” sözləri

yazılıb. Narazıçılıq və şikayət edənlər haqlı imişlər. Belə çıxır ki, Səhiyyə Nazirliyinin vacib tibb müəsisəsi qan yığdığı və qan paylamalı olduğu məsələsini özü də aydınlaşdıra bilməyib. 

 Hər şeyin satıldığı ölkədə qan alverindənmi qorxulacaq?