Gənclər yaşlı nəsillə söhbətdən yayınır. Arqumentləri də budur ki, retrospektiv duyğular tərk etmir onları; deyinirlər; gəncliyi bilmərrə qəbul eləmirlər; internet dövrünün gənclərini öz gənclikləri ilə müqayisə edirlər.Amma səbrimizi basıb söhbətə başladıqda müəyyən mövzularda haqlı olduqlarını görürük...
Turgenev, Bazarov və Pavel Petroviçlə uzaqgörənliyini göstərib...
Yaşlı nəsillə fikir mübadiləsi aparanda deyirlər ki, siz genefondu dəyişilmiş mer-meyvə, hormonal ərzaqlarla qidalanırsız, biz isə təbii məhsullarla böyümüşük.
Məsələn, nənəm iddia edir ki, beçə balı, motal pendiri, kərə yağı, bulaq suyu, dağ havası mənəviyyata ciddi təsir göstərir; insanları saflaşdırır və s.
Yaşı səksəni keçmiş nənəmlə polemika aparmaq iki nəsilin fikir ayrılığı kimi başa düşülsə də, sonda bütün “neo”lara rəğmən, ona uduzduğumu anlayıram. Sadəlik və təbiilik hər zaman qalibdi!
Nənəm deyir: “Bizim dövrdə qan barışdıran el ağsaqqalları vardı. Bir kəlmə sözləri ilə insanlar sülhə, barışığa gələrdilər. Kimsə kiməsə yaxşılıq edəndə necə deyərlər, sağ əlin verdiyini sol əl bilməzdi. Sizin internet dövrünüzdə isə adamlar problemlərini televiziyada canlı efirdə həll edir. Reytinq xatirinə televiziyalar da onlara kömək edir. Bura evlənməkdən tutmuş, xəstəyə kömək etməyə qədər daxildi. Üstəlik, sizin dövrdə qan barışdırmırlar, qan salırlar. Sonra sosial şəbəkələrdə çıxarırlar müzakirəyə. Adama kömək etmək əvəzinə, daha da biabır edirlər...
Müasirləşə-müasirləşə insanlıqdan çıxırsınız...”
O, mənim timsalımda internet əsrinin yetişdirdiyi nəsili ittiham etdi.
***
Beçə balının və motal pendirinin katarsislə assosiasiya olunması nə dərəcədə düzgündü, bilmirəm. Onu bilirəm ki, nənəm bu mövzuda haqlıdı.
***
Əmim oğlu qətlə yetiriləndə kiçik əmim dedi ki, o oğlanların rəhmətliklə mübahisə etdiyini bilməmişəm. Xəbərim olsaydı barışdırardım onları. Üçünü də aparardım bir kafeyə, bir tikə çörək yeyib mənasız mübahisələrinə son qoyardıq. Heç bu faciə də baş verməzdi...
İndi gəlin, görək, ömür boyu bir kitab arası açmamış, özünü hamıdan ağıllı bilən, mənasız mübahisə üstündə cavan bir oğlanı öldürən o cahillər ağsaqqal sözünü dinləyəcəkdimi???
Son xəbərlər
Son Xəbərlər