Qanlı balta

qanli-balta
Oxunma sayı: 677

Ötən olaylarda ata oğlunu, dayı bacıoğlunu baltalayaraq öldürmüşdü. Yəqin televiziyaları izləyənlər son vaxtlar bu tipli kriminal hadisələrin necə artdığını, az qala hər gün baş verdiyini yaxşı bilirlər. Qanlı qətllərin baltayla icra edilməsi daha dəhşət doğurur və bəlkə də bu, boşuna deyil.

Mənə elə gəlir ki, ailəsini baltayla qətlə yetirmək, deyək ki, bıçaqla törədilən qətllərdən qəzəbin, şiddətin, stressin, hiddətin daha güclü olmasını ilə seçilir. Deyərdim, hətta tüfənglə icra edilən qətllər belə, balta qədər dəhşətli ola bilməz.

Görəsən bu cür amansız qətllərin analoqsuz inkişafının səbəbi nədir?

Niyə məsələ gəlib baltaya çatıb? Bu qədər qəzəb, hikkə, hirs haradandır?

Zənnimcə, məsələ elə analoqsuzluqdadı. Yəni ölkənin “analoqu olmayan” inkişaf tempində. Güman eləyirəm ki, belə hadisələrdə çox zaman səbəb kimi göstərilən sosial durumun bərbadlığı belə kütləvi dəhşətə səbəb olmaz. Yəni sosial çatışmazlıqlar hər bir ailədə narazılıqlara, söz-söhbətə, qeylü-qala səbəb olur, bu, sirr deyil. Hətta yüzdən bir halda söz-söhbətdən cana doyan kişi hansısa qətl hadisəsi törədə bilər. Hətta son hadisədə zəmin kimi göstərilən qısqanclıq da müəyyən hallarda qan qaynağı ola bilir və bu millətimizin xarakterinə də xasdı. Ancaq yenə də deyirəm ki, bunlar yüzdən bir hadisədə zəmin olur. Minlərlə qısqanclıq, sosial çətinlik şəraitində yaşayan ailələr var ki, onlarda bu tip hadisələr baş vermir. Elə isə ən gərəksiz səbəblərdən baş verən hadisələr necə qızışıb bu mərhələyə qədər çatır?

Azadlıq sözünə, demokratiyaya bəzən dodaq büzərək alay edənlər özləri də bilmədən özlərinə, öz ailələrinin taleyinə qəbir qazırlar. Yuxarıdan aşağı yönələn amansız basqı, özünüifadənin, özünü reallaşdırmanın eybəcər dərəcədə sıxışdırılması, presləməsi, insanların hisslərinin, daxili aləmlərinin buxovlanması, zəncirlənməsi, qəfəsə salınması onların daxili aləmində nəhəng xaosa, güclü diskrimnasiyaya səbəb olur. Hər addımda hüququ tapdalanan, ama rüşvətdən və güclü arxadan başqa heç bir vasitə ilə haqqını bərpa edə bilməyən vətəndaş gündən-günə hirslə, qəzəblə dolur. Mövcud antidemokratik və antibəşəri rejimin yaratdığı total xof və qorxu isə insanların bu mənfi yükdən qurtulmasını hardasa imkansız edir. Əli yerdən üzülən Azərbaycan vətəndaşı, deyək ki, müxalifətə qoşulub küçə və meydanlarda etiraz etmək yerinə ümidini daha rahat və xəta-bəlasız zənn etdiyi dinə bağlayır və Allaha üz tutur ki, bəlkə orda özünə rahatlıq tapa, ağrı-acılarını Allahla paylaşa, yüngülləşə. Lakin vətəndaş orada da rahat buraxılmır. Çünki dinə üz tutanlar istər-istəməz hansısa dini qrupun təsirinə düşür ki, hakimiyyətin o qruplarla düşmənçiliyi, dini baxışlarına görə təqib edilmə, hər an həbs təhlükəsi onun stresslərini daha da artırır. Təzyiq və təqiblər, Allahla siyasi zəmində ittifaqın yasaqlanması durumu daha dözülməz səviyyəyə çatdırır. Lakin heç cür bu stresslərdən qurtulma yolu tapa bilməyənlərin qəzəbi onun daxilinə, onun daxilindən ailə daxilinə, yəni kişinin, vətəndaşın özünü daha azad və hürr, söz sahibi hiss etdiyi şəxsi, ailəvi mövcudluğuna yönəlir ki, orada da bu gün dəhşətlə bəhs etdiyimiz qanlı hadisələr baş verir.

Dərd ondadı ki, nə hakimiyyət yaratdığı bu boyda basqının nəyə səbəb olduğunun fərqindədi, nə də azadlıq olmadan yaşamağın onu haraya aparıb çıxaracağını düşünə bilməyən sıravi vətəndaş. Yenə də yada Qəzzafinin linç səhnəsi düşür. Bu səhnənin yaradıcısı onun özü və rejimi idi ki, vətəndaşın ruhuna balta çala-çala sonunda da bu eybəcər tamaşada qurban rolu almışdı.

Düşünməyə dəyməzmi, qardaşlar?.. Axı biz uçuruma gedirik!