“Qanun layihəsinin adı qüsurludur”- - Deputatdan irad

qanun-layihesinin-adi-qusurludur-
Oxunma sayı: 1163


“Qafqazinfo” xəbər verir ki, MM-in İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova adıçəkilən sənədin reallığı və gerçəkliyi əks etdirdiyini bildirərək, qanun layihəsinin mart ayının 6-da parlamentin plenar iclasının birinci oxunuşundan keçdiyini və ötən müddət ərzində müvafiq İşçi Qrupu tərəfindən ona 20-yə yaxın dəyişiklik və əlavələr edildiyini dilə gətirib. Onun sözlərinə görə, belə bir qanunun qəbuluna ciddi və zəruri ehtiyac var. O, qeyd edib ki, bu sənəd dövlət-vətəndaş, məmur-vətəndaş münasibətlərinin tənzimlənməsini nəzərdə tutur: "Hər birimizin də arzu, istəyi budur ki, xüsusilə, məmur-vətəndaş münasibətləri sivil qaydada tənzimlənsin. Artıq dövr, zaman tələb edir ki, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi üçün yeni qanun qəbul edilsin. Odur ki, bu zərurətdən irəli gələrək belə bir sənəd ortaya qoyulub. 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də vətəndaşlarının müraciətlərinin onların konstitusion hüququ olduğunu deyərək, belə bir qanunun qəbuluna ciddi ehtiyac duyulduğunu bildirib: "Vətəndaşların müraciətləri, onlara baxılması indiyə kimi olub və bundan sonra da olacaq. Eyni zamanda əlamətdar haldır ki, bu istiqamətdə son illər uğurlu addımlar atılmaqdadır. Vətəndaşların elektron müraciət formasından istifadə etməsi, "ASAN" Xidmət-in yaranmasıbuna əyani sübutdur". 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov isə daha çox qanun layihəsi ilə bağlı irad və təkliflərini səsləndirib. R. Cəbrayılov qanun layihəsinin adına etiraz edib və onu qüsurlu adlandırıb. "Hesab edirəm ki, qanun layihəsin adı qüsurludur. Ola bilər ki, bu məsələ Konstitusiyanın 57-ci maddəsindən qaynaqlanır, amma hesab edirəm ki, elə həmin müddəanın özü də kifayət qədər qüsurludur və əgər gələcəkdə referendum yolu ilə Konstitusiyaya növbəti dəyişikliklər olarsa, həmin müddəa da mütləq dəyişdirilməlidir. Bu baxımdan hesab edirəm ki, qanun layihəsinin adı dəyişdirilməli və sadəcə, "Müraciətlərə baxılması haqqında" adlandırılmalıdır"-deyə, R. Cəbrayılov vurğulayıb. 

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasının ikinci oxunuşuna tövsiyə olunub.