Qapazaltı sindromu

qapazalti-sindromu
Oxunma sayı: 1319


Yenə bayramqabağı müəllimlər məktəb direktoruna, sıravi həkimlər də baş həkimə “hörmət” etməli olacaqlar. Bu qrup ölkədə ən çox maaşın azlığı və işin çoxluğundan şikayət edən təbəqədir. Bu səbəbdən onların “hörmət”indən misal çəkirəm. 

İngilis filosofu Tomas Qobbs deyib ki, “qorxu –həyatımın yeganə ehtirasıdır”. Hardasa razı olmaq olar. Tomasın vaxtında bunu ağızdolusu etiraf etməyinə haqq vermək olar. Amma butün günü qorxularla yatıb-qalxmaq da ömrümüzü qısaltmağa bəs edər. Qorxunun fəlsəfəsini açıb tökmək kimi niyyətim yoxdur. Bu baradə səriştəsi çatan, amma susan saysız insan var. Fakt odur ki, bizim hər gün qapımızı açıb eşiyə atdığımız addımdan qorxularımız start götürür. Liftdə qalmaq qorxusu, nəqliyyat üzündən işə gecikmək qorxusu, sürücünün anormal ola biləcəyi qorxusu, ünvana salamat çıxa bilməmək qorxusu, yolu keçərkən yaranan qorxu, iş gününü birtəhər başa vurmaq qorxusu və s... 
Fikrimcə, dünyaya uşaq gətirəcək ana ən dəhşətli qorxu hisslərini yaşayır. Hərbi xidmətdə övladı olan valideynlər qorxu ilə bəslənir. Bütün bunları normal qorxular, itirməmək duyğusu hesab etmək olar. Bir də var, qorxu mədəniyyətini əkib becərmək. Bu çox dəhşətli məsələdi. 

Bu yaxında Türkiyənin tanınmış psixoloq-yazarı Doğan Cücelioğlunun “Qorxu mədəniyyəti”(“Korku kültürü”) adlı kitabı ilə ümumi tanışlığım oldu. Çox maraqlı şərhlər hesabına insan özü üçün dərs ala bilər. Qorxu hakimiyyətinin yaşı 15 min illə hesablanır. Ən kiçik qəbilə başçısı belə qorxu ilə ətrafını başına yığıb. Qorxu mədəniyyətini fərasətli şəkildə aşılayanların da ən güclü dövləti olub. Qorxu mədəniyyəti-insanda səhv buraxmaq qorxusunu yaratmaqdır. İnsanların mənəvi və fiziki cəhətdən cəzalandırılması, daim günahkar axtarışına çıxmasıdır. Qorxu hakimiyyətini quran isə-can qurtarandır. Doğan Çüçelioğlu təbirincə desək, kim yaxşı qorxudursa, güc ondadır. “Qorxudaraq idarə etmək, qorxu hakimiyyəti qurmaqdır. Qorxu duyğusundan istifadə etmək-ən böyük silaha sarılmaqdır. Qorxu mədəniyyəti qurbanı insanlar –artıq bəla içindədirlər. Yalnız polisdən və cərimə pulundan qorxduğu üçün avtomobilinin təhlükəsizlik kəmərini taxanlar isə lap yazıqdırlar.” Qorxu uşaqlıqdan bizimlə birgə böyüyəndir. 
Qorxu mədəniyyəti ilə bağlı beynəlxalq aləmdə dəfələrlə sənədli filmlər hazırlanıb. Müasir zamanda bu mədəniyyət fərasətli şəkildə dövlətlərin siyasətinə çevrilib. Norveç filosofu Lars Svendsenin “Qorxu fəlsəfəsi” adlı kitabı kimi ədəbiyyatlar ələk-vələk edilib. Ən nüfuzlu psixoanalitiklər baş sındırıb. Fakt odur ki, həyatımızın ölüm qorxusu da daxil olmaqla son səhifəsində belə bu hiss kölgə kimi bizi izləyir. Norma bəzisinin zərərinədir, qorxusuz yaşadığını bəyan edən isə anormaldır. Məncə, normal qorxular, elə Allah qorxusu, xofu da insanın xeyirinədir. Gözüdönmüşlərə isə heç nə kar edən deyil.

Və dönürəm əvvələ. Bu gün ən kiçik idarədə belə rəhbərin qorxu mədəniyyəti işləyir. Bu mədəniyyəti yaratmaq dəbdir. Bu dəbə uymayan işçinin bir qorxusu var-çörəyindən olmaq. Bir də, qapazaltına çevrilmək qorxusu sindromu.

 Adını xatırlamadığım bir alim də belə deyib: “Qorxaq adamlardan qorxuram”. Elə mən də. Ən çox isə nəfsinin qulu olanlardan qorxuram.