““Qarabağ” 5-6 xal irəlidə olsaydı, Qurban buna fikir verməzdi”

““Qarabağ” 5-6 xal irəlidə olsaydı, Qurban buna fikir verməzdi”
Oxunma sayı: 1990

Ötən gün Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyununda “Sumqayıt”la 0:0-lıq heç-heçə edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra verdiyi açıqlamalarla gündəmə gəldi. “Qafqazinfo” xəbər verir ki, təcrübəli çalışdırıcı futbolçularına qarşı digər komandaların aqressiv oynadığını, oyunçularının zədələndiyini bildirdi. 

O, bu səbəbdən Abdulla Zubiri ikinci hissədə meydana buraxsa da, 20 dəqiqə sonra əvəzlədiyini açıqladı. Premyer Liqanın son turunda qapıçı Şahruddin Məhəmmədəliyevin, ondan əvvəl Filip Ozobiçin zədələnməsi və uzunmüddətli sıradan çıxmaları da Qurbanovu özündən çıxarmışdı. 

Onun müzakirə yaradan açıqlamaları birmənalı qarşılanmadı. Bu səbəbdən futbol adamlarının və jurnalistlərin Qurbanovun aqressiv açıqlaması ilə bağlı fikirlərini aldıq:

Qol.az saytının baş redaktoru Aydın Bağırov: “Qurban Qurbanovun məsələyə belə emosional reaksiyasını anlayıram. Ötən həftə “Səbail”lə Premyer Liqa matçında komandanın iki aparıcı futbolçusu – Şahruddin Məhəmmədəliyevlə Filiip Ozobiç rəqibin sərt oyununa görə ağır zədə alıb. Özü də “Neftçi” ilə kəskin rəqabətin getdiyi yarışın sonlarına yaxın. “Sumqayıt”la dünənki oyunu izləməsəm də, Qurban müəllimin açıqlamalarından belə başa düşdüm ki, Abdulla Zubirə qarşı da bir neçə dəfə sərt oyun olub. O isə ikinci hissədə meydana buraxdığı futbolçusunu onu qorumaq məqsədilə cəmi 26 dəqiqə sonra əvəz etməli olub. Mən bunların bilərəkdən, məqsədli şəkildə edildiyinə inanmıram. Əvvəla “Qarabağ” kimi lider komandalarla matçlarda rəqibin bütün futbolçuları istəkli olur, özlərini göstərmək istəyir, əzmlə mübarizə aparır. Bu da bəzən sərt və kobud oyuna, zədələnmələrə gətirib çıxarır. Bu, futbolun qəbuledilməz bir hissədir və belə halla tək “Qarabağ” deyil, onun rəqibi “Neftçi” də, ümumiyyətlə, dünya futbolunda çox öncül komandanın oyunçuları da qarşılaşır. Sadəcə, indi bizdə çempionat finişə yaxınlaşır, “Qarabağ”la ən yaxın rəqibi arasında bir xal fərq var. Belə durumda heç bir məşqçi lider oyunçularından məhrum olmaq istəməz. Ona görə də rəqibin sərt oyununa Qurban müəllimin əsəbi reaksiyasını təbii qəbul edirəm. Digər tərəfdən, “Səbail”in və “Sumqayıt”ın baş məşqçiləri Aftandil Hacıyevlə Ayxan Abbasovun məşqçi kimi yetişməsində Qurban Qurbanovun böyük əməyi olub. Həm Aftandil Hacıyev, həm də Ayxan Abbasovun Qurban müəllimi bir böyükləri kimi çox istədiklərini də bilirəm. Ona görə də əminəm ki, “Qarabağ”a həmin komandalar tərəfdən hansısa kirli bir niyyət olsaydı, bunun qarşısını ilk alan elə Aftandillə Ayxan olardı”.

Sabiq hakim Əfqan Həmzəyev: “Futbolçular qaydalar çərçivəsində sərt oynaya bilərlər. Hakim isə sadəcə bu sərtliyin qayda pozuntusuna çevrilməsinə imkan verməməlidir. Azərbaycanda sərt futbolçu və komanda görmürəm. İnanmıram ki, hakimlər qəsdən kobud oyuna göz yumurlar. Ola bilsin ki, bəzi epizodlar referinin gözündən yayınıb və ya o, epizodu düzgün dəyərləndirməyib. Qurban Qurbanov bilir ki, Zubir onun aparıcı futbolçusudur və çempionatda ona çox lazımdır. Böyük ehtimal da bu səbəbdən meydandan çıxarıb. Sadəcə, “Qarabağ”ın ehtiyat oyunçular skamyası çox kiçikdir. Əsas heyət oyunçusu zədə alsa, onu əvəz edə biləcək kimsə yoxdur. Qurbanov kimi təcrübəli məşqçi heyətini müxtəlif cəbhələrdə mübarizə apararaq qura bilərdi. Zubir olmayanda “Qarabağ”ın gücü düşür və məncə, belə komanda ayrı-ayrı futbolçulardan asılı olmamalıdır. Ötən tur “Səbail”lə matçda “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev zədələndi. Həmin epizodda məsələn, rəqib oyunçuya qırmızı vərəqə verilməli idi, lakin hakim sarı ilə kifayətləndi”.

“Keşlə”nin sabiq baş məşqçisi Tərlan Əhmədov: “Sərt oyunlar da olur, rahat oyunlar da olur. Bəzi epizodlar olur ki, gərgin keçir. Futbolda belə hallar normaldır. Hər halda Qurbanovun fikirlərinə normal yanaşmaq lazımdır. Belə matçların gərgin keçməsi normal haldır. Çünki hər iki komanda mərhələ adlamaq üçün meydana çıxır. İdmanda belə şeylər çox olacaq. Abdulla Zubirə gəlincə, hər halda Qurbanov onu qarşıdakı 5 tur üçün qorumaq istəyir. “Neftçi” ilə aralarında 1 xallıq fərq var. Gərginlik artır, çempionluq mübarizəsi ağırlaşır. Bunu təbii proses adlandırıram. Futbolda amma bundan sərt matçlar görmüşük. Düşünürəm ki, “Qarabağ” çempionatda “Neftçi”dən 5-6 xal irəlidə olsaydı, Qurbanov bu məsələlərə fikir verməyəcəkdi”.