“Qarabağ” BATE-ni keçə biləcək? - Qurbanov şərh edir

qarabag-bate-ni-kece-bilecek
Oxunma sayı: 7088

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE klubu ilə ilk oyundan öncə mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, “Azərsun Arena”da jurnalistlər qarşısına çıxan təcrübəli mütəxəssis əvvəlcə sabahkı qarşılaşma haqda düşüncələrini bölüşüb:

“Bilirik ki, çox vacib oyuna çxıırıq. BATE Avropada çox böyük təcrübəyə malik komandadır. Neçə ildir turnirdə stabil çıxış edir. Öz oyun dəst-xətti var və nəticəyə oynaya bilən komandadır. İşimiz heç də asan olmayacaq. Matça pis hazırlaşmamışıq. İlk oyun həmişə rəqibi tanımaq üçün yaxşı imkandır. Həddən artıq diqqətli olmalıyıq. Rəqib də qələbə qazanmaq istəyir. Bir-birimizdən aşağı səviyyədə komandalar deyilik. Səhvsiz oynamağa çalışacağıq”.

- BATE sabah hansı üstün cəhətinə görə “Qarabağ”a çətinlik yarada bilər?

- Komanda çox intizamlıdır, bəlli oyun üslubu var. Rahat şəkildə müdafiə olunmağı və tez hücum etməyi bacarır. Hətta aut olanda belə bütün futbolçular bilir ki, hansı zonada olmaq lazımdır. Rəqibin heyətində 11 düşünən, meydanda nə istədiyini bilən futbolçu var.

- Rəqibin çempionat və Çempionlar Liqası matçlarını izləyəndə hansı fərqləri aşkar etdiniz?

- Çempionat istər-istəməz tam fərqlidir. BATE Belarus çempionatında ən üstün komandadır. Çempionlar Liqasında və Avropa Liqasında isə motivasiya başqa olduğundan qarşılaşmalar tam fərqli keçir. Çempionatda rəqiblərini yaxşı tanıdığından çox güc sərf etmədən rahat qalib gəlirlər. Ancaq Çempionlar Liqasında fərqli oynayacaqlar. Onların təcrübəsi nəticəyə böyük bir inam verir. Heç bir çempionat oyununa aldanmamalıyıq. Çünki iki turnir arasında çox fərq var.

- “Qarabağ” uzun illərdi eyni xətt üzrə hərəkət edir, artan qrafik cızır. Komandanız 5-ci rəsmi oyunda tam formada olacaq?

- Yox, çünki zamana ehtiyac var. Bəzi futbolçular bizə gec qoşulublar və oyun formasından uzaqdırlar.

- BATE-nin baş məşqçisi az öncə keçirilən mətbuat konfransında bildirdi ki, ““Qarabağ”ı keçməmək bizim üçün sürpriz olacaq...”

- Buna fikir verməsək, daha yaxşıdır. Hər məşqçi hər rəqibə qarşı fərqli hazırlaşır. İndi bilmirik ki, belaruslular bizə qarşı necə hazırlaşıblar. Ona görə münasibət bildirmək lazım deyil.

- “Kukesi”ylə cavab oyununda fərqli heyət, fərqli oyuna şahid olduq. Bu dəfə necə olacaq? Rəşad Sadıqov yenə start heyətdə olacaq?

- Əvvəlcədən heyəti demədiyimi bilirsiniz. Hətta Dani Kintananın oyundan öncə zədələnməsini matçdan sonra dedim. Hər bir futbolçunun sabah oynamaq şansı var. Səhər məşqimiz olacaq və bundan somra tam qərar verəcəyik,

- İlk oyunu evdə keçirməli olacaqsınız. Hansı nəticə əldə olunsa, səfərə üstün durumda gedərsiniz?

- Ümumiyyətlə, son vaxtlar ev-səfərlə bağlı fikirlər az olur. Hətta böyük klublarda görürürük ki, evdə böyük hesabla uduzurlar, ancaq səfərdə qalib gəlirlər. Məncə, ilk oyunun nəticəsinə görə fikir bildirmək olmaz. Ancaq belə oyunlarda ən azından məğlub olmamaq, qol buraxmamaq haqda düşünürük. Təbii ki, əsas məqsəd qalib gəlməkdir. İkinci matçdan sonra biləcəyik ki, ilk oyunda hansı nəticə sərfəli imiş. Bu dəqiqə nəticə haqda qəti fikir bildirmək olmur. Hər oyunda maksimum qalib gəlmək fikriylə hazırlaşırıq.

- BATE son vaxtlar səfərdə nəticə qazanması ilə seçilir. Buna qarşı taktikanız var?

- Bu amili nəzəra almışıq. Biz də elə olub ki, səfərdə yaxşı nəticə əldə etmişik, ancaq evdə heç-heçə qeydə alınıb. Ona görə də ilk oyuna görə nəticə haqda fikir bildirmək düzgün olmazdı.

- Rəqibin baş məşqçisi “Qarabağ”ın ötən il ÇL-də qrupda bütün oyunlarını, hətta hazırkı yay fasiləsində hazırlıq matçlarını izlədiyini açıqlayıb. BATE sizi kifayət qədər tanıyır. Sizə 1 həftə bəs edəcək?

- İnşallah, yetərincə vaxtımız oldu ki, rəqibi təhlil edək və futbolçulara çatdıraq. Onda qiyabi dedim ki, BATE haqda məlumatım yox idi. Bu, son vaxtlarla bağlı idi. Ancaq əvvəllər oyunlarını izləmişəm. Postsovet məkanında ən yaxşı nəticə göstərən komandalardan biri olan BATE-ni hamımız yaxından izləmişik. Sadəcə son oyunlarına baxmamışdım. Yeni baş məşqçiləri gəlib. Bilirik ki, çempionatda son 10 oyundan 9-da qələb qazanıblar, 1 heç-heçə də ediblər.

- “Qəbələ” əvəzedicilərin çempionatında oynamaqdan imtina edib. İki müstəqil futbol klubumuzdan biri olan “Qarabağ” da bu bu addımı  atacaq?

- Hazırda bu haqda fikir bildirmək düzgün olmaz. Əvəzedici komandamız qarşıdakı mövsümdə iştirak edəcək. Heç bir klub haqda neqativ fikir bildirə bilmərik. “Qəbələ” son 10 ildə Azərbaycan futboluyla bağlı böyük işlər görüb, böyük addımlar atıb.

- Sabahkı matçın hakimlərindən birinin İsveçdə qalmaqalı var. Düzgün vurulan qolu saymadığını etiraf edib. Bu amilə görə ehtiyatlanırsınız?

- İtaliya “İnter”indəki oyundan bizim üçün pis olay ola bilməz. “Çelsi”ylə qarşılaşma oyun epizodu idi və heç bir şansımız yox idi. Orda hakimin qərarına hörmətlə yanaşmalıyıq. Ancaq 90+4-cü dəqiqədə aşkar qolun sayılmamasından böyük faciə görmürəm. Bu səhv bütün turnirdə taleyimizi həll etdi. Hakimlərin işinə müdaxilə etmək istəmirəm. Hakimlik ən çətin işdir. Bir saniyə içində qərar verməlisən. Onlara uğurlar arzu edirəm və ən yaxşı oyunlardan birini keçirmələrini arzu edirəm.

- Düşünmək olar ki, “Qarabağ” ötən oyunda bütün gücünü bu matça saxladı?

- Belə bir fikir ümumiyyətlə, bizdə olmayıb. Hər oyunda yaxşı nəticə əldə etməyə çalışacağıq.

- BATE əvvəlki dövrdən nə qədər zəifləyib?

- O fikirlə razı deyiləm ki, əvvəl belə səviyyədə idi, indi belə. Bizim haqda da belə fikirlər söyləyə bilərlər. Komanda bu səviyyəyə çatıbsa, onun haqda pis fikir düşünmürəm. BATE ciddi rəqibdir. Klubun son 10 ildə 4 dəfə ÇL-in, 4 dəfə Avropa Liqasında qrupunda oynaması az bir şey deyil. Əbəs yerə demədim ki, rəqibdə 11 nəfər hətta ən xırda epizodda belə hansı addım atmaq lazım olduğunu bilir.

- HİK-lə oyundan sonra Belarusun idman mətbuatı BATE-ni zəif çıxışına görə qınadı. Ancaq siz bu komanda haqda fərqli fikirdəsiniz. Ölkəsi inanmayan komandanı necə güclü saymaq olar?

- Bizim də əvvəl rəqibi çətin keçməyimiz olub. BATE Finlandiyadakı matçda 24-cü dəqiqədə artıq 2:0 irəlidə idi. Bundan əlavə, neçə qol epizodları oldu. Ola bilər ki, bir neçə adam belə fikir bildirsin. Ancaq BATE rahat rəqib deyil, təhlükəli komandadır. Səfərdə 2 qol vurmaq asan məsələ deyil. İlk matçda evdə 0:0 oynasalar da, çox qol epizodları oldu.

- “Qarabağ”ın Emeqarasız dövrünü təhlil etmisiniz? Belə fikir beyninizdən keçib ki, bəlkə qalsaydı, daha irəli gedə bilərdik?

- Komandamızdan çox oyunçular, hətta ən yaxşı futbolçular gedib. Ancaq şükür Allaha, nəticələrimiz ildən-ilə yaxşı olub. Keçmişə baxıb peşmançılıq çəkəcəyiksə, istədiyimiz kimi işləyə bilmərik. Emeqara bu gün belə yaxşı oynadısa, həmişə belə oynayacaq demək deyil. İstəyərəm ki, öz üzərində daha çox işləsin, hər bir futbolçu komandada oyununu yaxşılaşdırsın.

- “Qarabağ” Emeqarayla da oyun epizodundan qol vurmaqda çətinlik çəkir. Bunun üzərində xüsusi işləyirsiniz?

- Keçən dəfə bu suala cavab vermişdim. Doğrudu, qol epizodu varsa, ondan istifadə etmək lazımdır. Ancaq bu imkanları da yaratmaq asan deyil. Onları reallaşdırmaq kənardan rahat görünə bilər, ancaq əslində, belə deyil. Ən azı iki məşqdən birində hücumçuların qol vurması üzərində işləyirik. Yazılarınızdan oxuyuram ki, mədəni formada iradlarınızı bilirsiniz (gülür). Məsələn, “Qarabağ” 3 qol vurdu, 2-si penaltidən. Bu iradlar işimizə xeyir verir.