Qarabağ Bloku İŞİD-i müzakirə etdi

qarabag-bloku-isid-i-muzakire-etdi
Oxunma sayı: 718


Blok üzvləri İŞİD-in son dövrlər İraqda hərbi siyasi fəaliyyəti ilə bağlı qeyd ediblər ki, ilk növbədə xüsusilə türklərin kompakt yaşadıqları ərazilərin  hədəfə alması, dinc əhaliyə qarşı xüsusi amansızlıq göstərilməsi, insanların kütləvi şəkildə qəddarlıqla öldürülməsi, Təşkilatın  açıqlamalarında Azərbaycan və Türkiyədə də İslam dövləti yaradacaqlarını bəyan etməsi, Müsəlmanlar üçün müqəddəs  sayılan Nəcəf  və Kərbalanın hədəf alınması ciddi narahatlıq doğurur. 

Hadisənin başlanmasından günlər keçsə də, hələ ki, İŞİD hücumundan əziyyət çəkən, qaçqın düşən əhaliyə beynəlxalq təşkilatlar təşkil olunmuş formada humanitar yardım göstərmir və vəziyyət çox kritik həddə çatıb. Bu səbəbdən Blok Azərbaycan  hökumətini  Kərkükdən gələn qaçqınların müraciət  etməsi  halında müvəqqəti sığınacaq verməyə,  Qırmızı Aypara  Cəmiyyətinin xətti ilə bölgədə əziyyət çəkən əhaliyə yardım etməyə, İŞİD Təşkilatının Azərbaycanda fəaliyyətinin qarşısının alınması üçün ciddi addımlar atmağa çağırdı.

İŞİD İraqda insanlığa sığmayan fəaliyyətlər həyata keçirir. Təşkilatın törətdikləri Beynəlxalq Konvensiyaların bütün müddəalarına ziddir. Bu səbəbdən İŞİD terrorçu təşkilat kimi tanınmalı, beynəlxalq məhkəməyə verilməli, təşkilatın  fəaliyyətinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə olunmalı, eyni zamanda təcili olaraq bölgədə əziyyət çəkən insanlara humanitar yardım göndərilməsi istiqamətində fəaliyyətə başlamalıdır.

Blok iştirakçıları Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı da İraq türkmənlərinə imkan olan yardımı etməyə çağırdılar.

Qarabağ Bloku hal hazırda həbsdə olan və zindandakı haqsızlıqlara etiraz olaraq 32 gündür aclıq edən, Güney Azərbaycanda milli haqları uğrunda mübariz, Yeni GAMOH təşkilatı Mərkəzi Şurasının sədri Lətif Həsəniyə də müraciət ediblər. İclas iştirakçıları İran zindanındakı ədalətsizlikləri, habelə soydaşlarımıza qarşı diskriminasiyanı kəskin şəkildə qınayaraq Lətif bəydən Güney Azərbaycanın azad gələcəyi naminə bu aclıq aksiyasını dayandırmağı xahiş ediblər.