Qarabağ Bloku toplandı

qarabag-bloku-toplandi-
Oxunma sayı: 761


“Qafqazinfo”nun məlumatına görə, toplantıda Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunmuş müşavirəsində verilən bəyanatlar, Bakıda Xətai rayonu, Zığ şosesi 16 ünvanındakı doqquz mərtəbəli yaşayış binasında baş vermiş yanğın, Papanın “soyqırım” açıqlaması, M.Ə. Rəsulzadənin büstünün dağıdılması və başqa məsələlər müzakirə mövzusu olub.

Toplantı iştirakçıları Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunmuş müşavirəsində iqtisadi inkişafla bağlı səsləndirlən fikirlərin həqiqəti əks etdirmədiyini bildirdilər. Qeyd olundu ki, orada verilən bəyanatlar, göstərilən rəqəmlər, sosial iqtisadi inkişafla bağlı deyilənlər iqtisadi böhrandan yaranan çətinlikləri pərdələmək məqsədi daşıyır. Manatın devalvasiyaya uğraması faktından sonra ölkədə istehlak mallarının qiyməti kəskin şəkildə artıb. Qiymətlərin artması müqabilində minimum əməkhaqqı bazasının əvvəlki şəkildə qalması, monopolist qüvvələrin orta və kiçik biznesi sıradan çıxarması, indeksasiya siyasətinin aparılmaması əhalinin vəziyyətini həddindən artıq ağırlaşdırıb. Blok üzvləri yaranmış vəziyyətdən ciddi narahat olduqlarını bildiriblər və hakimiyyəti süni bahalaşmaya qarşı mübarizə aparmağa, indeksasiya siyasəti aparmağa, qiymət artımına uyğun olaraq maaşları qaldırmağa, iş yerlərini itirənlərə kompensasiya ödəməyə, aztəminatlı ailələrə subsidiyalar verməyə çağırıblar.

Tədbir iştirakçıları İ.Əliyevin Azərbaycan Cümhuriyyətinin qurucusu M.Rəsulzadənin anadan olmasının 130 illiyi ilə əlaqədar onun xatirəsinin əbədiləşdirilməsi barədə verdiyi fərmana baxmayaraq BAKMİL metrosu yaxınlığında qoyulan büstünün dağıdılmasını qəti şəkildə pisləyiblər. Blok üzvləri bu addımı Azərbaycan Demokratik Respublikasının ilk qurucusuna sayğısızlıq, ölkə başçısının fərmanına qarşı çıxmaq kimi dəyərləndirib və hakimiyyəti demokratik tariximizin izini itirmək istəyən məmurlara qarşı sərt tədbirlər görməyə çağırıblar.

Tədbirdə Roma Papası birinci Franksisin Vatikanda keçirilən mərasim zamanı uydurma “erməni soyqırımı”nı iyirminci əsrin ilk soyqırımı olması barədə verdiyi bəyanata da münasibət bildirilib. Qeyd olunub ki, tarixi reallıqları əks etdirməyən, yalnız erməni təəssübkeşliyinə əsaslanan bu cür bəyanatların Papanın barışdırıcı missiyası ilə bir araya sığmır, regionda sülhün və təhlükəsizliyin pozulmasına xidmət edir. Siyasi cəhətdən qərəzli bir bəyanatdır. Blok üzvləri Vatikan başçısını bu bəyanatla bağlı təkzib verməyə çağırıb, Azərbaycan hakimiyyətini Vatikanla bağlı siyasətinə yenidən baxmağa və Vatikanı bu mövqeyindən çəkindirən istiqamətdə addımlar atmağa çağırıblar.

Blok üzvləri son vaxtlar Bakı şəhərində tikilmiş binaların zahiri görünüşünü gözəlləşdirmək məqsədi ilə binaların fasadlarına tezalışan və təhlükəsizlik baxımından yararlı olmayan üzlüklərin çəkilməsindən dolayı həmin binalarda vaxtaşırı olaraq yanğınların baş verməsindən narahat olduğunu bildiriblər. Hakimiyyəti istismar müddəti başa çatmış binalara yararsız və tezalışan üzlüklər çəkməyi dayandırılmağa, bunu edənlərə cinayət işi açmağa, bu işdən ziyan görənlərə kompensasiya ödənməyə çağırıblar.

Tədbir iştirakçıları Avropa Parlamentinin 24 aprelin bütün Avropa Birliyi ölkələrində erməni soyqırmı günü kimi qeyd edilməsi ilə bağlı çağırışını qəti şəkildə pisləyiblər. Bildirlib ki, tarix baxımdan bu ədalətsiz bir çağırışdır və hər hansı bir qərarın qəbul edilməsi yolverilməzdir. O, ölkələr ki, baş vermiş hadisəni “erməni “soyqrımı” kimi təqdim etməyə cəhd edir, zamanında hadisələrin baş verməsində həmin ölkələrin böyük xidmətləri olub. Bu cür əsasız çağırışlar beynəlxalq qurumların obyektivliyini şübhə altına alır, onlara olan inamı sarsıdır və imicinə ciddi ziyan vurur. Blok Beynəlxalq təşkilatları hadisə ilə bağlı ədalətli olmayan çağırışlar etməkdən və qərarlar qəbul etməkdən çəkinməyə çağırıb.