Qarabağ bloku toplandı

qarabag-bloku-toplandi
Oxunma sayı: 917


 “Qafqazinfo” ya daxil olan məlumata görə, toplantıda regionda və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər, NİDA Vətəndaş Hərəkatı üzvlərinin  məhkəməsi, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi, Hesablama Palatasının aşkar korrupsiya  faktlarına göz yumması ilə bağlı yayılan son məlumatlar, habelə Rusiyanın Ukraynaya yönəlik ilhaq və işğal siyasətinin dünya düzənində yaratdığı gərginliklər, dövlətlərə qarşı apardığı təhdid və təxribatlar və bir sıra digər məsələlər müzakirə mövzusu olub.

 Tədbir iştirakçıları məhkəmə istintaqı başa çatan NİDA Vətəndaş Hərəkatı üzvlərinə prokuror tərəfindən üst-üstə 61 il həbs cəzası istənilməsini qəti şəkildə pisləyiblər. Bildirildi ki, gənclərin işi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə uyğun aparılmayıb. Prokurorun barələrində sərt cəza tədbiri istəməsi işin mahiyyətinə uyğun deyil və gənclərə qarşı bu cəza tədbirləri hakimiyyətin repressiya siyasəti kimi dəyərləndirilməlidir. 

Blok üzvləri  “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı məsələyə də  münasibət bildirdilər. Qeyd olundu ki, işin mahiyyəti ilə bağlı ictimaiyyətə sanballı açıqlamalar verilməyib. Aidiyyəti qurumlardan  işi Prosessual Məcəlləyə uyğun olaraq, şəffaf aparmağa, jurnalistin hüquqlarının effektli müdafiə olunması üçün şərait yaratmağa və məslə ilə bağlı ictimaiyyətə ətraflı məlumat verilməyə çağırıblar.

Hesablama Palatasının aşkar korrupsiya  faktlarına göz yumması ilə bağlı yayılan son məlumatlar  münasibət bildirən tədbir iştirakçıları qeyd ediblər ki, Azərbaycanda dövlət büdcəsinin xərcləmələrində iştirak etmiş  88 şirkət bir dəfəyə ləğv edilib. Bütün bunların hamısı onu göstərir ki, tenderlərin həyata keçirilməsində şəffaflıq yoxdur,  ölkədə yüksək səviyyədə korrupsiyanın olduğu faktdır. Hökumətin korrupsiyaya qarşı  apardığı mübarizə faydasız və səmərəsizdir. Blok üzvləri təklif etdi ki,  hökumət bir daha korrupsiyaya qarşı effektli  mübarizə aparmaq, şəffaf bir cəmiyyətin işinə xidmət etmək istəyirsə,  Azərbaycan müxalifətinin təqdim etdiyi ekspertlərin həmin komissiyalarda ictimai əsaslarla iştirakını təmin etməlidir. Sadalanan faktlar isə prokurorluq orqanları dərhal araşdırmalı və hüquqi qiymət verməlidir.