“Qarabağ həqiqi sahiblərinin istəkləri diqqətə alınaraq inşa ediləcək”

qarabag-heqiqi-sahiblerinin-istekleri-diqqete-alinaraq-insa-edilecek
Oxunma sayı: 1901

“Azərbaycanda işğaldan azad edilən bölgələrin yenidənqurmasında ata-baba yurdlarından illərlə uzaq qalan köçkünlərin istək və düşüncələri diqqətə alınacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT-də yayımlanan “Dağlıq Qarabağ həqiqi sahiblərinin istəkləri diqqətə alınaraq inşa ediləcək” sərlövhəli məqalədə deyilir.

Bildirilib ki, Azərbaycan Ermənistan işğalından azad edilən bölgələrin yenidənqurmasına yol, elektrik stansiyası, hava limanı kimi layihələrlə başlayıb:

“Paralel olaraq ermənilərin işğal dönəmində basdırdığı minalar təmizlənir. Bir tərəfdən də azad olunmuş bölgələrə ermənilərin vurduğu zərər hesablanır, dağıdılmış evlərin inventarizasiyası aparılır.

Hökumət bütün bu işləri həyata keçirərkən, o torpaqlara qayıdacaq insanların düşüncələrini, planlarını, ehtiyaclarını müəyyənləşdirməklə bağlı sorğuya başlayıb.

Sorğunu ölkənin ən önəmli təhsil müəssisələri arasında yer alan ADA Universitetinin mütəxəssislərindən təşkil olunmuş komanda həyata keçirir.

Həm internet üzərindən, həm də üz-üzə görüşmə şəklində aparılan sorğuda Dağlıq Qarabağ və ətrafındakı bölgələrdən işğala görə köçmək məcburiyyətində qalan insanlara, köç prosesinin necə təşkil edilməsi, döndükdən sonra necə bir şəhər və ya kənddə yaşamaq istədikləri və hansı işlə məşğul olacaqları soruşulur.

Sorğu nəticələri hesabat formasında hökumətə təqdim ediləcək, bölgədəki yenidənqurma işləri və köçkünlərin geri dönmə prosesi bu hesabat diqqətdə saxlanılaraq həyata keçiriləcək”.

Məqalədə qeyd olunub ki, hədəf 100 min köçkünün fikrini öyrənməkdir.

Fariz İsmayılzadə

ADA Universitetinin rektor müavini Fariz İsmayılzadə internet üzərindən keçirilən sorğuda təxminən 50 min insanın iştirak etdiyini, hədəflərinin 100 min köçkünün bununla bağlı rəyini öyrənmək olduğunu dilə gətirib:

“Nə qədər insanın dönmək istədiyi, bu insanların nə kimi ehtiyaclarının olduğu, Qarabağda hansı iqtisadi sahələrin inkişafını arzuladıqları və harada işləmək istədikləri kimi məlumatlar hökumətin aparacağı işlər baxımından önəmlidir”.

F.İsmayılzadənin sözlərinə görə, köçkünlər qısa zamanda ata-baba yurdlarına dönmək istəyirlər:

“İşğaldan azad edilən bölgələrdə görüləcək işlər çoxdur. İnfrastruktur tamamilə yox edilmiş vəziyyətdədir. Hər tərəfə mina basdırılıb. Bütün bu işlər tamamlandıqdan sonra yeni infrastrukturun formalaşdırılması, evlərin, məktəblərin, xəstəxanaların inşası üçün zaman lazımdır.

Danışdığımız köçkünlər qısa zamanda ata yurdlarına dönmək istəyirlər. 30 il gözlədikləri kəndlərini, şəhərlərini görmək, orada yaşayıb işləmək istəyirlər. Bizdən nə zaman geri dönə biləcəklərini soruşurlar. Səbirsizliklə gözləyirlər. hökumət infrastruktur işlərini bitirdikdən və təhlükəsizlik təmin edildikdən sonra insanlar evlərinə dönəcək”.