“Qafqazinfo”nun Milanda keçirilən ümumdünya sərgisində iştirak edən əməkdaşı bildirir ki, “Planeti qidalandırmaq, həyat üçün enerji" adlı nümayişdə Azərbaycan ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən xüsusi pavilyonla iştirak edir.
5 ildən bir keçirilən Expo
Ümumdünya Expo 5 ildən bir keçirilir. Ölkəmiz Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə olaraq milli pavilyon şəklində iştirak edir. 145 ölkənin qatıldığı sərgidə 54 milli pavilyon yer alır. Biletləri 39 avroya olan sərgiyə 6 ay ərzində 20 milyondan artıq ziyarətçinin qatılacağı gözlənilir. Mayın 1-dən fəaliyyətə başlayan “Milan Expo 2015” oktyabrın 31-dək davam edəcək. Sərgi bitdikdən sonra milli pavilyonumuz sökülərək Bakıda müvafiq ərazidə quraşdırılacaq.

Azərbaycanı tərənnüm edən dörd mərtəbə
“Biomüxtəliflik xəzinəsi” adlanan pavilyonumuz dörd mərtəbədən, 1800 kvadratmetr ərazidən ibarətdir. Dörd mərtəbədə üç biosfer yerləşdirilib. Təməli 2014-cü ilin aprel ayında atılan pavilyonun tikintisində 300 nəfər azərbaycanlı və italyan çalışıb. Azərbaycan pavilyonunun arxitektoru Ricardo Cigolotti, kontent meneceri əslən italyan olan Çeleste Serciannodur.

Mədəni irsimiz və musiqi tariximiz nəzərə alınaraq pavilyonun girişində Azərbaycan musiqisi səsləndirilir. Pavilyonumuza giriş digərlərinə nisbətən daha asandır, çünki buraya bir neçə qapıdan daxil olmaq mümkündür.

“Səslər simfoniyası” adlanan birinci mərtəbədə Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, ikinci mərtəbədə (“Rənglər simfoniyası”) iqlimi, landşaftı və bioloji müxtəlifliyi barədə məlumatlar, üçüncü mərtəbədə (“Dadlar simfoniyası”) isə milli mətbəxi və orqanik təbii qida məhsulları və nümunələri ziyarətçilərə təqdim olunur. Pavilyonun dördüncü mərtəbəsi-terras restoran və açıq havada proqram üçün fəaliyyət göstərir.
Birinci mərtəbənin döşəməsində Azərbaycanın təsvir olunub. Ziyarətçilərin maraqları nəzərə alınaraq burada siyasi, iqtisadi, tematik, təbii resusların xəritələri əks olunur. Bununla yanaşı divar boyu tar və digər musiqi alətlərimizi əks etdirən xüsusi guşə hazırlanıb.
Birinci mərtəbədə Azərbaycanla görüntülü əlaqə saxlamaq üçün güzgüyə bənzər monitor (“Mirroring Baku”) yerləşdirilib. Bu qurğudan Heydər Əliyev Mərkəzinin qarşısında da qurulub. Bu vasitə ilə Milanla Bakı arasında əlaqə yaradılır.
İkinci mərtəbədə Azərbaycanın göz oxşayan təbii landşafı və müxtəlif nəaliyyətləri təqdim edilir. Burada sarı, yaşıl, qırmızı, bənövşəyi, ağ və göy rəngli “bağçalar” yaradılıb. Bu rənglər müxtəlif landşafları tərənnüm edir.

Rəngli və eyni zamanda toxunarkən musiqi səsləndirən bağçalar ziyarətçilər tərəfindən maraqla qarşılanır. Burada ingilis və italyan dilində ölkəmiz haqda məlumat verən xüsusi qurğu da yerləşdilib.
İkinci mərtəbənin digər hissəsində nar ağacının kökləri təsvir olunub. Bura “Azərbaycanın simaları” guşəsi adlanır. Ziyarətçilərə müxtəlif peşə sahibləri təqdim olunur və onlarda azərbaycanlıların simaları haqda təsəvvür yaradır.
Üçüncü mərtəbənin konsepti Azərbaycan mətbəxi və qidasıdır. Bu mərtəbədə Azərbaycanın bazarını əks etdirən tiştaxda yerləşdirlib. 18 siqmentdə ziyarətçilərə seçilmiş qida nümunələri təqdim edilir və onlar haqda geniş məlumat verilir.

Üçüncü mərtəbənin alt qatında “Bakını kəşf et” bölümü var. Bu biosferdə başı aşağı olan ağac yerləşdirlib, ağacın kökləri göyə baxır, bu isə ölkəmizin ilhamı göydən alsa da, ənənələrinə sadiq ölkə olduğun mesajını verir. “Bakını kəşf et” layihəsində Azərbaycanı dənizdən, havadan və piyada müxtəlif marşurtla ziyarət etmək təklif olunur. Bu vasitə ilə ziyarətçidə sərgidə olduğu halda Bakıda gəzirmiş kimi təsəvvür yaradır.
Pavilyonun dördüncü mərtəbəsində terasda restoran var. Terasın olması pavilyonumuzu digərlərindən fərqləndirir. Teras vasitəsilə ziyarətçilər “Milan Expo”nun mənzərəsini hündürlükdən izləyə bilir. Burada rəsmi qəbulların keçirilməsi və eyni zamanda milli yeməklərimizin tanıtılması nəzərdə tutulub.
Eyni zamanda burada xüsusi guşə yaradılıb və bu güşədə milli musiqi alətlərimiz nümayiş olunur. Eyni zamanda azərbaycanlı musiqiçi royalda milli musiqimizi ifa edirdi. onu da qeyd edim ki, ziyarətçilər musiqilərimi diqqətlə dinləyir, alqışlarla qarşılayırdı.

"Qarabağ" mahnısına rəqs edən xaricilər
Pavilyonun arxa hissəsində 400 kvadratmetrlik IDEA-biomüxtəliflik parkı var. Burada IDEA (Ətraf mühitin mühafizəsi Naminə Beynəlxaq Dialoq İctiami Birliyi) tərəfindən həyata keçirilən ekoloji layihələrin təqdimatı nəzərdə tutulur. Həmçinin burada günün müxtəlif saatlarında canlı musiqi təqdim olunur. Hər zaman eşidirdim ki, xarici ölkə vətəndaşları milli musiqimizə xüsusi maraq göstərir, heyranlıqla qarşılayır, alqışları musiqiçilərimizdən əsirgəmir. Doğrusu, bu məlumatlar mənə çox inandırıcı gəlmirdi. Ta ki, öz gözlərimlə görməyənə qədər...
Xanəndə Günay İmamverdiyevanın ifası ziyarətçiləri valeh etmişdi. Təbii ki, jurnalistlər olaraq biz də həmyerlimizin ifasına biganə qalmadıq. Xarici qonaqları rəqsə dəvət etdik, təklifimizi məmnuniyyətlə qəbul edən ziyarətçilər "Qarabağ" mahnısına qol açıb oynadılar. Üstəlik təşəkkür də etdilər.
Milli mətbəximizə valeh olan qonaqlar

Eyni zamanda IDEA Biomüxtəliflik parkında pavilyonu ziyarət edənlərə milli mətbəximizdən təamlar paylanılırdı. Biz orada olduğumuz müddət ərzində birinci mərtəbədə yerləşən mini-restorana ziyarətçilər milli yeməklərimizi dadmaq üçün gəlirdilər. Milli musiqimizi heyranlıqla dinləyən ziyarətçilər milli mətbəximizi çox bəyəndiklərini və tezliklə Azərbaycanı ziyarət etmək istədiklərin bildirirdilər.

Milli pavilyonun arxitektoru Ricardo Cigolotti Azərbaycan pavilyonu ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, milli pavilyon sərgi bitdikdən sonra 1 il ərzində Bakıya gətiləcək:
“Binanın dəmir konstruksiyası qaynaq olunmayıb. Boltlarla bərkidilib. Buna görə də onları asanlıqla açmaq və bağlamaq olur.
Sırf texniki baxımdan konstruksiyanın EXPO-nun başa çatmasından sonra sökülərək Bakıda yenidən quraşdıqılması texniki baxımdan 8-10 ay ərzində həyata keçiriləcək. Milan EXPO rəhbərliyi sərginin bitməsindən sonra ölkələrə milli pavilyonlarını sökmək və ölkədən çıxarmaq üçün 6 ay vaxt tanıyır. Ona görə də təkcə pavilyonu sökmək üçün 6 ay icazə artıq alınıb”.
Arxitektor pavilyonun tikintisi zamanı hər hansı maliyyə çatışmazlığı ilə üzləşmədiyini qeyd edib:
“Pavilyonun konstruksiyasının da müəllifi kimi bütün planlaşdırdığım ideyaları yerinə yetirə bildim. Çox vaxtım olmadığı üçün digər pavilyonların maliyyə dəyəri barədə xəbərim yoxdur. Amma deyə bilərəm ki, İtaliyanın pavilyonu 96 milyon avroya başa gəlib. Bahalı pavilyonlar arasında Almaniya və Türkmənistanın da adını çəkmək olar.

Statistik baxımdan ən çox ziyarətçinin gəldiyi Avropa pavilyonları arasında Azərbaycanın və ev sahibi İtaliyanın liderlik etdiyini söyləmək olar. Yerli mətbuat nümayəndələri də tez-tez Azərbaycan pavilyonu haqda məlumatları işıqlandırır. Çünki digər pavilyonlardan fərqli olaraq Azərbaycan pavilyonu özünə məxsus arxitektur dizaynla bütün ziyarətçilərin marağına səbəb ola bilir”.
Könül