“Qarabağ” ordeni ilə təltif edilən Haluk Bayraktardan - Açıqlama

“Qarabağ” ordeni ilə təltif edilən Haluk Bayraktardan
Oxunma sayı: 1572

“Baykar Savunma” şirkətinin baş direktoru Haluk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Qarabağ” ordeni ilə təltif olunmasından və Bakıdakı PUA bazaları və müdafiə sənayesindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, Haluk Bayraktar bu barədə CNN Türk kanalının jurnalisti Fulya Öztürkə müsahibəsində açıqlama verib.

“Bizim üçün xoşbəxt və qürurlu bir gün idi. Həm də Azərbaycanın Milli Qurtuluş Günü idi. Prezident İlham Əliyev də Prezidentimizin hüzurunda bizə “Qarabağ” ordenini təqdim etdi. Bir türk olaraq fəxr edirəm. “Bir millət və iki dövlət” anlayışını konkret şəkildə qələbə ilə yekunlaşdırmaq, Azərbaycan ordusunun Qarabağ müharibəsindəki strateji müvəffəqiyyəti, texnologiyamızın sərgilənməsi, ən müasir milli məhsulların müvəffəqiyyəti, belə bir müvəffəqiyyətin bir hissəsi olmaq bizi bir Türkiyə vətəndaşı kimi qürurlandırır. Türkiyə öz adını gəncləri ilə tanıtsın, qardaş bir ölkədə bu hissi yaşamaq böyük xoşbəxtlikdir. Oranın azadlığı üçün şəhid olan azərbaycanlı qardaşlarımızı anıram”, - deyə Bayraktar qeyd edib.

Daha sonra Bayraktar jurnalistin yeni PUA bazaları ilə bağlı sualına “Bu işi silahlı qüvvələrimizə buraxırıq. Silahlı qüvvələrimiz istifadə edir. Biz burada yalnız texniki dəstək təklif edirik. Azərbaycanda PUA-larımız var. Bazalar da aktiv şəkildə mövcuddur. Texniki dəstək verməyə davam edirik”,- deyə cavablandırıb.