Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlanıb

qarabag-ve-serqi-zengezurda-yasil-enerji-zonasi-ucun-konseptual-proqnoz-hazirlanib
Oxunma sayı: 1134

“Bizim işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramımız var”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Energetika Nazirliyimiz aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb:

“Biz artıq Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsini aparmışıq və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Yeri gəlmişkən, sizi məlumatlandırmaq istərdim ki, bizim neft-qaz sahəsində strateji tərəfdaşımız olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Biz artıq orada 200 meqavatdan çox gücə malik bərpaolunan enerji mənbəyinin tikintisi ilə bağlı BP ilə danışıqlar mərhələsindəyik.

Mən, həmçinin demək istərdim ki, hazırda bizim Energetika Nazirliyi bərpaolunan enerjiyə investisiyaların yatırılması ilə bağlı aparıcı beynəlxalq enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindədir.

Bizdə bununla bağlı böyük ruh yüksəkliyi var. Düşünürəm ki, bu, Azərbaycanda “yaşıl enerji”nin inkişafına dair bizim daxili strategiyamızın bir hissəsi olmaqla yanaşı, ixracdan əldə olunan gəlirlər üçün əlavə mənbə ola bilər və enerji mənbələri idxal edən ölkələr üçün də faydalı olacaq. Bizim, həmçinin Xəzər dənizinin qiymətləndirilməsinə dair xüsusi proqramımız var. İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Artıq biz bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər almışıq. Düşünürəm ki, bu, çox təbii olacaq. Çünki, Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib.

Qeyd etdiyim kimi, biz hər növ enerji mənbələri ixrac edirik. Biz ölkə daxilində olan və bizi bütün qonşularımızla birləşdirən elektrik xətlərini şaxələndirmişik. Bizim yaxınlığımızda ixrac bazarları, özü də artan ixrac bazarları var. Məsələn, iqtisadiyyatı artan, əhalisi artan Türkiyə kimi ölkə, düşünürəm ki, bizim üçün əsas bazardır, həmçinin əhalisi eynilə artan İran. Mən Qara dənizin dibi ilə Mərkəzi Avropanı bizim regionumuzla birləşdirən elektrik xətlərinin çəkilməsi ilə bağlı müəyyən planlardan xəbərdaram. Azərbaycan Gürcüstanın elektrik enerjisi təchizatçısı olaraq burada iştirak edə bilər. Bizim burada həqiqətən də böyük potensialımız var.

Biz çox fəal işləyirik, üzərimizə düşəni edirik. Eyni zamanda, şadam ki, Avropa Komissiyası ilə bizim Energetika Nazirliyimiz arasında buna həsr olunmuş xüsusi sessiya keçirilməsi üçün razılıq əldə olunub. Bunu həqiqətən də təqdir etməyə dəyər. Başqa sözlə, Cənub Qaz Dəhlizi tamamlanıb, lakin bizim işimiz davam edir. Biz bir komanda kimi işləməyə davam etməliyik.

Mən bir daha məmnunluğumu ifadə etmək istərdim ki, bu dəfə daha çox iştirakçımız var. Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi ilə bağlı məsələlərin nə dərəcədə mühüm olduğunu sübut etməyə ehtiyac yoxdur. Biz hamımız bunu başa düşürük. Əlbəttə ki, Azərbaycan nəhəng neft-qaz ehtiyatları və bərpaolunan enerji potensialına malik ölkə olduğundan, sözsüz ki, biz öz məsuliyyətimizi başa düşürük. Sizə deyə bilərəm ki, biz daha yaxşı imkanlar yaratmaq üçün gələcəkdə də məsuliyyətli şəkildə davranacağıq. Bundan əlavə, həmçinin demək istərdim ki, bizim birgə yürütdüyümüz enerji siyasəti enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərinin də hüdudlarını aşır. Çünki bu, ölkələr arasında yeni bağlantılar yaradır və əlaqələrin inkişafına kömək edir, bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin artırılmasına kömək edir.

Beləliklə, bizim gördüyümüz işlərin çox sayda müsbət nəticələri var. Bir daha qeyd edim ki, biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək”.