“Qarabağ”a güzəşt olunurdu” iddialarına - Qurban Qurbanovdan cavab

qarabaga-guzest-olunurdu-iddialarina
Oxunma sayı: 2590

“Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Daha önəmlisi isə komandanın ilk dəqiqələrdən tempi qaldırması idi”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 26-cı tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib: 

"Hər şey düşündüyümüz kimi alındı. Bəzən daha istəkli olanda hər şey asan olur. Ramin Quliyevə uğurlar arzu edirəm. O, komandanın "sükanı arxası"na keçdikdən sonra oyunlarında müsbət dəyişiklik hiss olunur. Bir də stadionu qeyd etmək istərdim. Ot örtüyü möhtəşəm idi".

Qurbanov penalti zərbəsini Mahir Emrelinin vurmamasının səbəbini izah edib: "Futbolçuma bombardir olmalısan, demək düzgün deyil. Əsas komandanın qələbəsidir. Digər tərəfdən, bu, oyunçunun psixologiyasına mənfi təsir edə bilər. Qəbələdə də belə hal olmuşdu. Penalti ilə futbolçunu arxayınlaşdırmamalıyıq. Amma daha çox qol vurmasını istərdim. Amma qeyri-dəqiqlikləri olduğundan penaltini Maksimə həvalə etdim. Gələn oyuna vaxtımız var. Belə oyunlarda məni futbolçunun ikinci sarı vərəqəni görməsi narahat edir. Ağıllı futbolçular onu asanlıqla təxribata çəkə bilər. "Keşlə"nin oyunlarına baxıb analiz edəcəyik. Bundan sonra Rahil Məmmədovun meydana çıxması ilə bağlı qərar veriləcək".

Qurbanov Emrelinin "Legiya" ilə anlaşması barədə xəbərlərə də aydınlıq gətirib: "Olsaydı, biz də bilərdik. Hazırda əsas fikrimiz qarşıdakı matçlardadır. Hələ ki, tələsmir. Başqa variantları da var. Amma rəsmi təklif gəlməyib".

Baş məşqçi "Qarabağ"ın Portuqaliya çempionatında çıxış edən Felipe Rayanla maraqlanmaları ilə bağlı məlumata da toxunub: "Hazırda 15-20 oyunçu ilə danışıq gedir. Rəsmi təklif yoxdur. Sadəcə, maraqlandığımız oyunçulardan biri ola bilər".

"İnsanlarda fikir formalaşa bilər ki, torpaqlar işğal altında idi deyə, "Qarabağ"a diqqət ayrılırdı. Belə şey ola bilməz. Rəhbərlik komandaya bu qədər maliyyə ayırır, əziyyət çəkir. Torpaqlarımızın azad olunması "Qarabağ"a sevgini daha da artırmalıdır. Amma dediyim kimi, belə fikirlərə inanmıram. Niyə düşünürlər ki, "Qarabağ" zəifləyib? Transfer etmək asan deyil. Dünyada da belədir. Rəhbərlik belə bir fikrə heç vaxt düşməz. Hər zaman bu komandanı qoruyub saxlamaq istəyəcəklər. Abdulbari Gözəl hər zaman deyib ki, mən var olduğum müddətdə komandanı yaşadacağam. Çünki "Qarabağ" bir dəyərdir".

Mütəxəssisin sözlərinə görə, sponsor pul ayırmasa, komanda ayaqda qala bilməz: "Ən çox gəlirimiz UEFA-dan gəlib. Komandanı saxlamaq heç də asan deyil. Xərclər böyükdür".