Qarabağda 345 min kvadrat metr ərazi minalardan təmizlənib

qarabagda-345-min-kvadrat-metr-erazi-minalardan-temizlenib
Oxunma sayı: 1277

“Azərbaycan ordusuna dəstək məqsədilə işğaldan azad edilmiş torpaqlarda mina və əldəqayırma partlayıcı qurğuların tapılması və zərərsizləşdirilməsi fəaliyyətləri çərçivəsində bu günə qədər 344 409 kvadrat metr ərazi minalardan təmizlənib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr departamentinin nümayəndəsi Pınar Kara bu gün keçirilən brifinqdə bildirib.

O əlavə edib ki, hər iki ölkənin Silahlı Qüvvələri birlikdə icra etdikləri təlimlərdə istənilən növ tapşırığı yerinə yetirməyə qadir olduqlarını nümayiş etdirirlər. 

“Bununla yanaşı, iyulun 14-ü və 23-ü tarixləri arasında Ermənistanın hücumları nəticəsində bir Azərbaycan hərbçisi şəhid olub, digər ikisi isə yaralanıb. Sözügedən bu hücumlara qarşı Azərbaycan Silahlı Qüvvələri lazımi cavabı verib”, - deyə Pınar Kara bildirib.

O, həmçinin son zamanlarda Ermənistan tərəfinin hücumlarının artdığını vurğulayıb və əlavə edib: “Bu hadisələr göstərir ki, Azərbaycanın zəfəri ilə nəticələnən Vətən müharibəsindən sonra erməni tərəfi Prezident İlham Əliyevin sülhü dəstəkləyən səylərinə müsbət cavab vermir”.

P. Kara bildirib ki, Türkiyə Ermənistanın bölgədəki zorakı mövqeyinə qarşı daim azərbaycanlı qardaşlarının yanındadır və bundan sonra da yanında olmağa davam edəcək.