Qarabağda dağıdılmış qəbirlər: erməni vandallığının şahidləri - Fotolar

Qarabağda dağıdılmış qəbirlər: erməni vandallığının şahidləri
Oxunma sayı: 3435

Türkiyənin “Anadolu” agentliyi Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən “Qarabağda dağıdılmış qəbirlər: erməni vandallığının şahidləri” adlı fotoreportaj hazırlayıb.

“Qafqazinfo” bildirir ki, reportajda qeyd olunub ki, Dağlıq Qarabağın və yeddi ətraf rayonunun işğalı nəticəsində Ermənistan silahlı qüvvələri nəinki yaşayış məntəqələrini, həm də azərbaycanlıların qəbiristanlıqlarını dağıdıblar.

Dağıntıların və vandallığın tam mənzərəsi yalnız Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsindən sonra aydın olub.

Azərbaycanın işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam rayonlarında yaşayış məntəqələri tamamilə dağıdılıb və bu gün “kabus şəhərləri” xatırladır. Bu rayonlardakı qəbiristanlıqlar da eyni aqibəti yaşayıb. Qəbirüstü abidələr ermənilər tərəfindən təhqir olunub, məzar daşlarının bir hissəsi Ermənistana aparılıb.

Doğma torpaqlarına qayıdan azərbaycanlılar doğmalarının və yaxınlarının məzarlarını ziyarət ediblər. Qəbirlərin əksəriyyəti yararsız vəziyyətdədir.

İşğalçılar məqsədyönlü şəkildə türkləri xatırladan hər şeyi məhv etməyə çalışırdılar.

Cəbrayıldakı qəbiristanlıqda içində insan qalıqları olan açıq məzarlara da rast gəlmək olar.