“Qarabağda dezinformasiya ilə mübarizədəki uğurlarımız dünyaya nümunədir”

qarabagda-dezinformasiya-ile-mubarizedeki-ugurlarimiz-dunyaya-numunedir
Oxunma sayı: 1108

“Qarabağdakı ədalətli mübarizəmizdə rast gəlinən dezinformasiyalar, saxta xəbərlər və təhrif cəhdlərinə qarşı doğru məlumatlarla həqiqəti işıqlandırdıq. Dezinformasiyaya qarşı mübarizədə qazandığımız bu uğur bütün dünyaya nümunədir”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türk Şurası Sosial Media Təlim Proqramı və Türk Şurası Media Koordinasiya Komitəsinin 1-ci toplantısındakı çıxışında qurumun rəhbəri Fəxrəddin Altun deyib. 

Proqramın açılışına video konfransla qatılan F.Altun Türk Şurası ölkələri arasındakı həmrəylik və əməkdaşlığı bütün sahələrdə olduğu kimi kommunikasiya sahəsində də dərinləşdirməyə çalışdıqlarını, proqramın bu istiqamətdə atılan mühüm addım olduğunu bildirib. Sistemli dezinformasiya və yalan terrorunun bütün dünyada olduğu kimi, Türk dünyasının da üzləşdiyi ciddi problemlərdən biri olduğunu söyləyən F.Altun Türkiyənin bu problemlə mübarizədə əhəmiyyətli irəliləyişlər əldə etdiyini, lakin hələ də mübarizəyə davam edilməli olduğunu vurğulayıb: 

“Əlbəttə ölkələrimizi və vətəndaşlarımızı sosial mediadakı təbliğatlardan, saxta xəbərlərdən, manipulyasiyalardan və sistemli dezinformasiyalardan qorumaq üçün lazım olan addımları atırıq. Məqsədimiz həqiqəti yaşatmaq, həqiqəti müdafiə etmək, hər cür yalanı, dezinformasiyanı aradan qaldırmaqdır. Sosial mediada hər yazılanın doğru olmadığı nöqtəsində ayıq olmalıyıq. İçtimaiyyətin vicdanını, ölkəmizin birliyini və bütövlüyünü təhdid edən dezinformasiya, saxta xəbərlər, manipulyasiya və təbliğat əməliyyatlarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”. 

Suriyada, Liviyada və son olaraq Qarabağda sülh və sabitliyi qorumaq üçün əməkdaşlıq edən ünsürləri sosial media platformalarında ləkələmək cəhdlərinin də uğursuzluğa düçar olduğunu söyləyən Altun sözlərini belə davam etdirib: “Xüsusilə Qarabağdakı ədalətli mübarizəmizdə rast gəlinən dezinformasiyalar, saxta xəbərlər və təhrif cəhdlərinə qarşı doğru məlumatlarla həqiqəti işıqlandırdıq. Dezinformasiyaya qarşı mübarizədə qazandığımız bu uğur bütün dünyaya nümunədir”.