Qarabağda qoruq və yasaqlıqlar bərpa olunacaq

Qarabağda qoruq və yasaqlıqlar bərpa olunacaq
Oxunma sayı: 655

“Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dövlət təbiət qoruqları və yasaqlıqlar olub. Hazırda həmin ərazilərdə ilkin qiymətləndirmə işlərinə başlanıb”. 

Bunu “Qafqazinfo”ya açıqlamasında Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib. 

Onun sözlərinə görə, 30 ilə yaxın müddətdə Qaragöl və Bəsitçay Dövlət Təbiət Qoruqlarının ərazisi talan olunub: “Bəsitçay Dövlət Təbiət Qoruğu Avropada unikal meşə sayılan 100 hektarlıq təbii çinar meşəliyinin əksər hissəsi məhv edilib. Ölkə rəhbərliyinin tapşırığı ilə həmin ərazilərdə monitorinq aparılacaq, dəymiş ziyan hesablanacaq, qoruq və yasaqlıqlar yenidən bərpa olunacaq”.

A.Səmədova bildirib ki, Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də, Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir: “İlk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park isə 2003-cu ildə yaradılmış H.Əliyev adına Zəngəzur Milli Parkıdır. 2018-ci ildə yaradılan ən sonuncu milli park isə 100 hektaradək ərazini əhatə edən Qızılağac Milli Parkıdır. Hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir”.

Qeyd edək ki, 11 yanvar - Dünya qoruqlar və milli parklar günüdür. Bu tarixin xüsusi mühafizə olunan təbiət ərazilərinə həsr edilməsi təsadüfi deyil. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.