“Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində əsir saxladığı Dağlıq Qarabağın erməni icmasının Azərbaycanın həyata keçirdiyi sosial, iqtisadi, səhiyyə və s. layihə və proqramlardan yararlanmasının qarşısını alır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının rəhbəri Tural Gəncəliyev bəyanatında bildirib.
T. Gəncəliyev qeyd edib: “Belə ki, həftələr öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının işğal olunmuş ərazilərimizdə koronavirus xəstəliyinin yayılması barədə məlumat verməsinə və tərəfimizdən edilən xəbərdarlıqlara rəğmən, 31 mart 2020-ci il tarixində infeksiya halları gizlədilərək Ermənistanın əlaltısı olan rejim tərəfindən qanunsuz “seçki” şousu keçirildi. Bunun ardınca, infeksiyanın yayılmasını Ermənistan etiraf etsə belə, 14 aprel 2020-ci il tarixində yenidən bütün insanların həyatını təhlükəyə ataraq, “seçki” şousunun ikinci turu da təşkil olundu. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağda yaşayan sadə ermənilər Ermənistanın çirkin siyasi oyunları üçün alətdir və oradakı insanların həyatı və sağlamlığı Ermənistanı maraqlandırmır.
Ermənistan hakimiyyəti və qondarma rejimin nümayəndələri Qarabağda yaşayan sadə erməni icması üzvlərinin həyatını dəyərsiz sayaraq, onların Azərbaycan vətəndaşları kimi müalicə imkanlarından yararlanmasının qarşısını almaqda davam edir.
Azərbaycan Respublikasının siyasətinin ana xəttini Azərbaycan vətəndaşı və onun maraqlarının qorunması təşkil edir.
Bir daha bəyan edirik ki, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarıldıqdan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində, sülh şəraitində birgə yaşayacaq və Azərbaycan Respublikasının vətəndaşı olmağın verdiyi imtiyazlardan bərabər hüquqlu şəkildə yararlanacaqlar”.
Son xəbərlər
Son Xəbərlər