“Qarabağda yeni ibadət yerlərinin təməlinin qoyulması ənənə halını alıb”

qarabagda-yeni-ibadet-yerlerinin-temelinin-qoyulmasi-enene-halini-alib
Oxunma sayı: 1671

“Suqovuşan qəsəbəsində məscidin təməlinin qoyulması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğısının təzahürüdür”. 

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov bildirib. 

Onun sözlərinə görə, ölkədə milli-mənəvi dəyərlərə diqqət hər zaman yüksək olub: “Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfər çərçivəsində yeni tikiləcək məscidin təməlini qoyublar. Ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.

İşğal dövründə vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasında İslam dini abidələri - məscidlər, türbələr və digər inanc yerləri mütləq əksəriyyət təşkil edir. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Bu vəhşilik ermənilərin Azərbaycan xalqına nifrətinin və kin-küdurətinin miqyasını tam əks etdirir. Hazırda İşğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir. Qarabağa və Şərqi Zəngəzura səfər zamanı yeni dini ibadət yerlərinin təməlinin qoyulması artıq ənənə halını alıb. 

Xalqları, dövlətləri ayaqda saxlayan onun ənənələri və dəyərləridir. Əsası Ulu Öndər tərəfindən qoyulan həmin siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir”.