“Qarabağın bərpası işi ilə bağlı təkliflər təhlil ediləcək”

qarabagin-berpasi-isi-ile-bagli-teklifler-tehlil-edilecek
Oxunma sayı: 992

“Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyevin son 17 ildə bu istiqamətdə atdığı addımlar yalnız statistik rəqəmlərdə deyil, insanların gündəlik həyatında, inkişafın dəyərləndirilməsində və perspektivlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayan beynəlxalq maliyyə qurumlarının hesabatlarında öz əksini tapır. Fəaliyyətində reallığa və praqmatizmə əsaslanan möhtərəm Prezidentimizin qarşıya qoyduğu əsas hədəf Azərbaycanı beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə malik ölkə kimi tanıtmaqdır.

Bu məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə, yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata nail olmaq, sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsiplərinə diqqətin artırılması tələb olunur.

Dövlət başçısının Hacıqabul rayonuna səfəri zamanı bir neçə sosial obyektin açılışı bir daha bu reallığa işıq saldı ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir. İnsanların rahat, təhlükəsiz şəraitdə yaşayışı, sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmət sahəsində şəffaflığın təmin olunması, insanların hər addımda dövlətin diqqət və qayğısını hiss etməsi vətəndaş məmnunluğunun artırılmasında stimulverici amildir. Günümüzün əsas çağırışlarından  olan ərzaq təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın ən müasir texnologiyalar və elmi əsaslar üzərində qurulması ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi bu məqsədlərə xidmət edir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib. O qeyd edib ki, İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində də yeni istifadəyə verilən sosial obyeklərin rayonun gələcək inkişafında mühüm rol oynayacağını önə çəkərək əsas hədəfləri açıqlayıb. Bildirilib ki, aqroparkların yaradılması ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir:

“Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir, məhsuldarlıq  daha yüksəkdir, ən müasir aqrotexniki tədbirlər tətbiq olunur.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində fabrik və zavodların, müştərək müəssisələrin istifadəyə verilməsi, yaradılan aqroparkların fəaliyyəti ilə iş yerlərinin sayı,  məhsuldarlıq, istehsal və ixrac daha da artırılır. Ümumi sayı 50-yə çatdırılacaq aqroparklar kənd təsərrüfatının inkişafında mühüm rola malikdir. Bölgələrdə yaradılan fermer təsərrüfatlarının səmərəli fəaliyyəti  məşğulluq  problemini də aradan qaldırır. Hacıqabulda “Aqro Dairy” MMC-nin aqroparkının və “Azərsun Şamaxı Aqropark”ın açılışı nümunəsində Azərbaycanda müxtəlif bölgələrdə yaradılmış aqroparklar haqqında ümumiləşdirilmiş məlumat, istehsal, emal və logistikanın bir müəssisə çərçivəsində cəmləşdirmənin səmərəsi özünün aydın ifadəsini tapır”.

Millət vəkili diqqəti Prezident İlham Əliyevin qeyd edilən müsahibədə işğaldan azad edilmiş torpaqlarımızda görülən işlərlə bağlı fikirlərinə yönəldərək bildirib ki, Azərbaycanın hər bir bölgəsi, o cümlədən  işğaldan azad edilmiş rayonlarımız zəngin potensiala malikdir:

“Mərhələlər üzrə görülən işlər sonda vətəndaşların bu torpaqlara böyük qayıdışı və  torpaqlarımıza yeni nəfəsin verilməsi  ilə müşayiət olunacaq. Qeyri-neft sektorunun inkişafı üçün daha böyük imkanlar yaranacaq. Hazırda ərazilərimizin minalardan təmizlənməsi həyata keçirilməklə yanaşı, infrastruktur layihələri də reallaşdırılır. Yol, nəqliyyat infrastrukturunun həlli prioritetliyini qoruyur.

Dövlət başçısı İlham Əliyev və  birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş  ərazilərimizə səfər edərək həm torpaqlarımızı sahiblərinin gəlişi ilə sevindirir, həm də görülən işlərlə yaxından tanış olurlar. Bu ərazilərimizdə müasir idarəetmə sistemi yaradılır. Həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra olunur. İcrası nəzərdə tutulan hər bir layihə, irəli sürülən hər bir təşəbbüs özündə müasirliyi, yeniliyi əks etdirir. Bu da onun təsdiqidir ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında zamanın, dövrün tələbinə uyğun təkmilləşmə dayanır. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, xaricdən bir çox təkliflər gəlməkdədir. Xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Əsas məqsəd işləri maksimum səmərə ilə görmək, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şəraiti yaratmaqdır”.

Malik Həsənov vurğulayıb ki, möhkəm təmələ əsaslanaraq müəyyənləşdirilən hədəflərin uğurlu icrası innovasiyalar ölkəsi kimi tanınan Azərbaycanı daha da qüdrətləndirəcək:

““Görülmüş işlərlə kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq” çağırışını edən cənab İlham Əliyev kənd təsərrüfatı və sənayedə potensialın yüksəlməsini, istehsalın artmasını “Azərbaycan Respublikası regionlarının 1919-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın başlıca hədəfləri kimi qeyd edir. Kompleks tədbirlər qarşıya qoyulan bütün məqsədlərə nəzərdə tutulan vaxtda nail olmağa geniş imkanlar yaradır”.