Yanvarın 14-də Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirakının müzakirə edilməsinə dair Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev arasında videokonfrans baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Peter Siyarto öz feysbuk hesabında məlumat verib. O qeyd edib ki, Macarıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
“Münaqişə bitdikdən sonra Macarıstan şirkətlərinin müharibədən təsirlənmiş ərazilərin yenidən qurulmasında necə iştirak edə biləcəyinə dair müzakirələr apardıq. Azərbaycan tərəfi bu niyyəti alqışladı və “Exim Bank” yenidənqurma proqramında iştirak etmək istəyən Macarıstan şirkətləri üçün 100 milyon dollarlıq kredit xətti açıb”, - deyə macar nazir bildirib.
Siyartonun sözlərinə görə, Macarıstan şirkətləri son dövrdə Azərbaycan bazarındakı iştiraklarını əhəmiyyətli dərəcədə artırıb.
“Macarıstanın MOL Neft-Qaz şirkəti Macarıstan tarixinin indiyə qədərki ən böyük korporativ sərmayəsini qoyub. “Wizz Air” uçuşları bərpa etməyə hazır olub, “Hell” markası bazarda 25 faiz pay sahibi olub və həmçinin mal-qara ixracatımız da yenidən başlayıb. Mərkəzi Avropada qaz təchizatı, mümkün qədər çox mənbədən qaz ala bilmək bizim üçün çox vacibdir. Azərbaycan ilə Avropa arasında birbaşa qaz kəməri bağlantısı qurulması ilə 2020-ci ilin ortalarından etibarən Macarıstan da Azərbaycandan qaz almağa başlayıb”,- deyə Siyarto qeyd edib.
Son xəbərlər
Son Xəbərlər