“Qafqazinfo” xəbər verir ki, “Stadium.az”-a açıqlama verən “Qarabağ” klubunun idman direktoru Əmrah Çəlikəl bu məsələdə Hafiz müəllimlə səhv məlumat verildiyini və qəbahət bir iş görmədiklərini bildirdi:
“Mən əminəm ki, Hafiz müəllimə düzgün məlumat çatdırmayıblar. Həm “Bakı”nın prezidenti Hafiz Məmmədov, həm də vitse-prezidenti Zeynal Məmmədov bizim sevdiyimiz, dəyər verdiyimiz insanlardır. Onlara hörmətimiz sonsuzdur. İş ondadır ki, bu iki futbolçu bizə azad agent statusuyla gəliblər. Onların transfer kağızına yazılmayıb ki, ancaq “Qarabağ”la müqavilə bağlaya bilərlər. Biz olmayacaqdıq, başqa komanda olacaqdı. Amma konpensasiya məsələsində bizim üzərimizə rəsmi olaraq nə düşsə, etməyə hazırıq. Biz bu keçiddən qabaq da Yaşar Seyidovu məlumatlandırmışdıq. Günah elə Yaşar Seyidovdadır. Yaşar müəllim işi o yerə çatdırmamalıydı ki, o futbolçular da azad agent statusu alsınlar. İstər Şəhriyar Əliyev, istərsə də Namiq Ələsgərov gəliblər qapımıza ki, azadıq. Bizdə onları komandaya götürmüşük. Daha gedib “Bakı”dan onları xəlvət oğurlamamışıq ki?!
İşin digər tərəfinə gəldikdə isə, Şəhriyar Əliyev “Bakı”nın yox, “Qarabağ” futbol klubunun yetirməsidir. Şəhriyar 17 yaşına kimi “Qarabağ”da oynayıb. Burda əsas komandaya düşə bilmədiyi üçün “Bakı”nın əvəzedici heyətinə gedib. Biz o zaman heç “Bakı”dan pul istəməmişdik. İndi isə Əliyev öz doğma klubuna qayıdıb.
Bir daha xatırladıram, hər iki futbolçu bizim komandaya AFFA-dan aldıqları azad agent statusuyla gəliblər və onlarla müqavilə imzalanıb. Bununla yanaşı, biz heç kimin haqqın tapdalamırıq və üzərimizə nə düşərsə, qanuni yolla bunu da etməyə hazırıq”.
Son xəbərlər
Son Xəbərlər