“Qarabağ”ın fransalı futbolçusu Yasin Benzianın instaqram hesabında etdiyi paylaşım ölkəsinin mətbuatının diqqətini çəkib. “Qafqazinfo” xəbər verir ki, onlar yarımmüdafiəçinin PSJ-nin baş məşqçisi Kristof Qaltyeyə söz atdığını bildirib.
Paylaşımda “yalan liftə minəndə, həqiqət pilləkənlə qalxır. Ona bunun üçün çox vaxt lazım olsa da, hər zaman ünvanına yetişir” cümlələri yazılıb və Benzia bunu “RamadanGate” həştəqi ilə paylaşıb.
Fransız həmkarlarımız paylaşımı ona görə Qaltye ilə əlaqləndirib ki, mütəxəssis bir neçə gündür diskriminasiya və islamafobiyada ittiham edilir. O, komandasındakı müsəlman futbolçulara da oyunlar zamanı fasilə vermilməsinə qarşı çıxıb.
Həmçinin “Nitsa” klubunun idman direktoru Julyen Frunyenin də açıqlamasına diqqət yerilib. Vaxtilə Kristof Qaltye ilə birgə çalışmış klub rəsmisi məşqçinin qaydalarını tənqid edib: “Kristof mənə deyirdi ki, komandada şəhərin reallıqları ilə davranmalıyıq. Bu komandada qaradərili və müsəlman futbolçuların sayı çox olmamalıdır”.
Qeyd edək ki, 2017-ci ildə Kristof Qaltye və Yasin Benzia eyni komandada işləyib. Qaltye “Lill”in baş məşqisi olarkən Benzia da bu klubun futbolçusu olub. Lakin mütəxəssis hazırda “Qarabağ”da çıxış edən vingeri əsas heyətdən kənarlaşdırmışdı.

Son xəbərlər
Son Xəbərlər