Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” ikinci təsnifat mərhələsində “Düdelanj” səddini keçəcəyi halda, növbəti mərhələdə “Viktoriya” klubu ilə üz-üzə gələcək.
"Qafqazinfo" ağdamlıların potensial rəqibi barədə məlumatları diqqətinizə çatdırır: Tarixi ərzində 4 dəfə Çexiya çempionu olan “Viktoriya”nın əsası 1911-ci ildə qoyulub. Plzen şəhərini təmsil edən klub 2 dəfə ölkə kuboku, 2 dəfə isə Superkubokunu əldə edib. Ev oyunlarını 11 min 722 tamaşaçı tutumu olan “Dusan Arena”da keçirən “Viktoriya”nın uğurlu dövrü isə 2011-ci ildən başlayır.
Həmin il ilk dəfə Çexiya çempionu adını qazanan plzenlilər eyni uğura 2012/2013, 2014/2015 və 2015/2016 mövsümündə də nail olublar. Çexiyalı və slovakiyalı futbolçulardan təşkil olunan komandaya bu ildən yerli mütəxəssis olan Roman Pivarnik rəhbərlik edir. Kollektivin özəyini çexiyalılar təşkil edir. Slovakiyalı legionerlərin sayı isə 5 nəfərdi. “Viktoriya” avrokuboklarda ilk dəfə 1971/1972 mövsümündə debüt edib və “Bavariya” ilə bacarmayıb. Uzun fasilədən sonra 2010/2011 mövsümündə yenidən avrokuboklara qatılan plzenlilərin dərsini “Beşiktaş” verib. 2011/2012 mövsümü isə “Viktoriya” üçün uğurlu alınıb. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Ermənistanın “Pünik” klubuna hər iki oyunda qalib gələn (4:0, 5:1) plzenlilər daha sonra “Rusenborq”u mübarizədən kənarlaşdıraraq (1:0, 3:2), ÇL-in pley-offuna vəsiqə qazanıb. Burada isə Çexiya çempionu “Kopenhagen”dən güclü olub (3:1, 2:1).

Tarixində ilk dəfə ÇL-in qrup mərhələsində oynamaq hüququna yiyələnən plzenlilər BATE, “Milan” və “Barselona”ya rəqib olublar. “Viktoriya” növbəti mərhələyə adlaya bilməsə də, komanda Avropa Liqasına qatılıb, lakin burda onların qarşısını “Şalke” kəsib. Avrokuboklarda 2012/2013 mövsümünü də “Viktoriya” üçün düşərli saymaq olar. Bu dəfə Avroliqada mübarizə aparan plzenlilər “Metallurq” (Gürcüstan), “Rux” (Polşa) və “Lokeren” (Belçika) klublarını üstələyərək, qrup mərhələsinə yüksəliblər. “Atletiko” (İspaniya), “Akademika” (Portuqaliya) və “Hapoel”lə (Təl-Əviv, İsrail) eyni qrupda çıxış edən çexiyalılar növbəti mərhələyə adlamağı bacarıblar. 1/16 finalda “Napoli”yə hər iki oyunda qalib gələn (3:0, 2:0) “Viktoriya” 1/8 finalda “Fənərbaxça” ilə bacarmayıb (0:1, 1:1). 2013/2014 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etmək hüququ əldə edən “Viktoriya” “Mançester Siti”, MOİK (Moskva) və “Bavariya” kimi klublarla qarşılaşmalı olub.
Qrupdakı 6 görüşdən yalnız 1-də (MOİK-lə Çexiyada keçirilən matç) plzenlilər qələbəyə seviniblər. Məhz bu qalibiyyətin sayəsində mübarizəni Avroliqada davam etdirmək imkanı qazananan “Viktoriya” əvvəlcə Ukrayna “Şaxtyor”unu mübarizədən kənarlaşdırsa da, 1/4 finalda “Lion” səddində ilişib. 2014/2015 mövsümündə Avroliqada iştirak edən “Viktoriya” mübarizəyə III təsnifat mərhələsindən qoşulub. Lakin Rumıniyanın “Petrolul” klubu ilə sınaqlardan komanda üzüağ çıxa bilməyib (1:1, 1:4). 2015/2016 mövsümündə isə “Viktoriya” Çempionlar Liqasının III təsnifat mərhələsindən mübarizəyə start verib. Təl-Əviv “Makkabi”si ilə bacarmayan (2:1, 0:2) Plzen təmsilçisi Avroliqanın pley-off mərhələsində Serbiyanın “Voyvodina” klubunu keçib (3:0, 2:0). Nəticədə “Viktoriya” AL-in qrup mərhələsinə yüksələrək, “Dinamo” (Belarus), “Vilyareal” (İspaniya) və “Rapid” (Avstriya) klubları ilə qarşılaşmaq imkanı qazanıb. Lakin Çexiya təmsilçisi qrupda qalaraq, növbəti mərhələyə adlaya bilməyib.
Qeyd edək ki,"Qarabağ"la "Viktoriya" bir dəfə üz-üzə gəliblər. İki il öncə Avstriyada təlim-məşq toplanışı zaman baş tutan yoxlama oyununda ağdamlılar güclü olub 3:1.