“Qarabağnamə” qələbədən sonra yeni finalla oynanılacaq - Fotolar+Video

qarabagname-qelebeden-sonra-yeni-finalla-oynanilacaq
Oxunma sayı: 3051

Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunacaq.

“Qafqazinfo” xəbər verir ki, artıq tamaşanın məşqləri gedir. Tamaşa Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində təqdim ediləcək. 

Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovun olduğu tamaşada, ümumilikdə 21 aktyor iştirak edir. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur. “Qarabağnamə”nin İbrahim xanı Xalq artisti Kazım Abdullayev, Ağabəyim ağası isə Əməkdar artist Məsmə Aslanqızıdır. Həmin gün Heydər Əliyev Mərkəzinin səhnəsinə Xalq artistləri Əli Nur, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Məlik, Əməkdar artistlər Elnar Qarayev, Elxan Quliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, Kazım Həsənquliyev və digərləri də çıxacaqlar.

“Qarabağnamə” tamaşasının artıq 27 ildir ki, oynanıldığını deyən baş rol ifaçısı - Xalq artisti Kazım Abdullayev bildirib ki, ondan əvvəl Əlabbas Qədirov, İlham Əsgərov kimi aktyorlar bu rolu ifa ediblər. 15 ilə yaxındır ki, İbrahim xan rolunu canlandırmaq ona da nəsib olub: “Qarabağ bizim dərdimiz idi, ona görə həmişə bu tamaşanı oynayanda Qarabağın əziyyətli günləri yadımıza düşür. Çox şükür ki, biz əsgərlərimiz, Ali Baş Komandanımız sayəsində Qarabağı qaytardıq. Aprelin 19-da bu tamaşanı Heydər Əliyev Mərkəzində oynayacağıq. Ona görə də çox həyacanlıyıq. Bu, çox məsuliyyətli işdir, ona görə ki, Ümumilli Liderimizin 100 illiyi ərəfəsində bu tamaşa səhnələşdirilib. Hər kəsə müvəffəqiyyət arzu edirəm. 

Bundan əvvəl də Heydər Əliyev Mərkəzində Azərpaşa Nemətovun quruluşçu rejissorğulu ilə “Ölülər” tamaşasında oynamışam. Çox gözəl də qarşılanıb. İnanıram ki, bu tamaşa da çox yüksək səviyyədə təqdim olunacaq”.

Xalq artisti Firəngiz Mütəllimova da tamaşa ilə bağlı təəssüratlarını dilə gətirib: “Biz neçə ildir bu tamaşanı o həsrətlə oynayırdıq ki, Qarabağımıza qovuşaq. Aprel döyüşləri zamanı mənə sanki bir vəcd gəldi. Qızım şəhid olan yeri elə oynadım ki, özüm də təccübləndim, bu güc mənə haradan gəldi... Səhnənin arxasında həmişə Şuşanı, o yolları, Qarabağı fikirləşə-fikirləşə boynubükük qalırdım, yerimi gözləyirdim. O ümidlərlə ki, biz nəvaxtsa o qalibiyyəti əldə edəcəyik. Arzum odur ki, bu tamaşanı Şuşada oynayaq. Qoy bütün burada iştirak edən personajları ki, biz canlandırırıq, hər birinin ruhu şad olsun. İndi tam fərqli hisslər keçirirəm...” 

Digər baş rol ifaçısı Əməkdar artist Məsmə Aslanqızının sözlərinə görə, bu gün “Qarabağnamə”ni qalib ölkənin aktyoru kimi oynayır: ““Qarabağnamə” tamaşası mənə çox doğmadır. Ağabəyim obrazı da ruhən mənə yaxındır. Mən özüm də şəhid qızıyam, atam vətən uğrunda, torpaq uğrunda canını verən şəhidlərdən biri olub. 

Ulu Öndər 1996-cı ildə bu tamaşanın premyerasına gəlib baxmışdı. Bildirmişdi ki, nə qədər ki Qarabağ işğaldan azad olunmayıb, teatr mövsümü bu tamaşa ilə başlayıb, onunla da bitəcək. Uzun illər bu qələbə bizim üçün əlçatmaz idi. İndi şükürlər olsun ki, biz o qələbəni görə bildik. Qələbəni şəhidlərimizin qanı bahasına, qazilərimizin sağlamlığı bahasına, Ali Baş Komandandanımızın düzgün siyasəti nəticəsində qazandıq. Bu gün “Qarabağnamə” tamaşasını qalib ölkənin aktyoru kimi oynayırıq. Bu, başqa bir hissdir”. 

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında Akademik Dram Teatrının səhnəsində tamaşa hazırlamasını xatırlayıb: “Ulu Öndər Heydər Əliyev o tamaşaya gəldi baxdı. O, öz çıxışında bu əsərə xüsusi qiymət verdi, dedi ki, “bu gün Qarabağda döyüşlər gedir, biz Qarabağı itirmişik, amma onu qaytarmalıyıq. Belə əsərlər lazımdır ki, bizim tamaşaçılar, gənclər bu əsərə baxsınlar. Nə qədər ki, Qarabağ azad deyil, İlyas Əfəndiyevin bu əsəri səhnədə həmişə getməlidir. Bütün tamaşaçılar bu tarixi görməlidir”.

Əsər aprelin 19-da ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə göstəriləcək. Dünyanın ən məşhur səhnəsində bu əsərin getməsi teatrın üçün də, mənim üçün də böyük əhəmiyyət kəsb edir, məni sevindirir. İnanıram ki, tamaşaçılar yeni bir “Qarabağnamə”yə baxacaqlar. Çünki bu tamaşa 27 ildir gedir, “Hökmdar və qızı” tamaşası əsasında “Qarabağnamə” tamaşasını ikinci quruluşda işlədim. Amma pyesdə heç bir dəyişiklik getməyib. Ulu Öndərin baxdığı kimidir. Bizim tamaşaçılar Qarabağın tarixini səhnədə bir daha görəcəklər. 

O dövrdə əsər İbrahim xanın bütün ailəsinin şəhid olması ilə bitirdi. Amma biz 44 günlük zəfərimizdən sonra böyük yazıçımız Elçin müəllimlə məsləhətləşdik ki, artıq onu belə bədbin notlarla bitirə bilmərik. Artıq Qarabağ azad olunub. Ona görə də tamaşanın sonunda Ağabəyim ağa Qarabağın azadlığı haqqında kiçik bir monoloq deyir”. 

Tamaşanın məşqi həm də Xalıq artisti Kazım Abdullayevin doğum gününə təsadüf edirdi. Məşqi izləyən teatrın direktoru Azər Paşa Nemətov yaradıcı heyətə görüşüb və aktyoru 70 illik yubileyi münasibətilə təbrik edib. 

Qeyd edək ki, tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək. 

Gülnar Əliyeva

Foto-Video Müzəffər İsmayılov