İcra başçısı vətəndaşlarla koronavirus barədə danışıb - Foto

icra-bascisi-vetendaslarla-koronavirus-barede-danisib
Oxunma sayı: 2777

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sanitar epidemioloji normalara əməl olunması üçün Qaradağ Rayon İcra Hakimiyyətində mobil qruplar yaradılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsində gün ərzində əhali arasında təbliğat işləri aparacaq mobil qrupların üzvləri ilə görüşüb, onlara əhalinin maarifləndirilməsi üçün öz tövsiyə və tapşırıqlarını verib. Daha sonra İcra başçısı özü də Lökbatan və Sahil qəsəbələrini gəzib. Çöldə olan sakinlərlə fərdi qaydada söhbətlər aparıb.  

Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, bələdiyyə üzvləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən sakinlərdən ibarət olan könüllülər səsucaldıcı vasitələrlə yerli əhalini evdə qalmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə tabe olmağa çağırıblar.

Könüllülər tərəfindən son günlər gündəlik olaraq rayonunun bütün qəsəbələrində aparılan bu işlər əhalinin toplaşdığı yerlərdə, məhəllələrdə aparılır. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir.

Xatırladaq ki, artıq bir neçə gündür ki, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılmış və parklara giriş məhdudlaşdırılıb. Qəsəbələrdə yaradılmış abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub. Eyni zamanda, rayon ərazisində gündəlik olaraq dezinfeksiya işləri də aparılır.