Qaradağ RİH-də iki qaziyə vəzifə verildi - Fotolar

qaradag-rih-de-iki-qaziye-vezife-verildi
Oxunma sayı: 3324

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə təyinatlar olub.

“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun müvafiq sərəncamına əsasən aprel döyüşçüsü, qazi Həsrət Almasov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə, aprel döyüşçüsü, qazi Röyal Əşrəfov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilib.

H.Almasov 1990-cı il mayın 1-də Yardımlı rayonunda anadan olub. O 2010-cu ildən Müdafiə Nazirliyinin zabiti kimi hərbi xidmətə başlayıb, 2010-2015-ci illərdə cəbhənin müxtəlif istiqamətlərində xidmət edib. 2015-ci ildə Müdafiə Nazirliyinin Xüsusi Təyinantlı Qüvvələr Kursunu bitirib. 2016-cı il tarixində aprel döyüşləri zamanı cəbhənin Tərtər rayonu Qapanlı-Seysulan kəndi istiqamətində əməliyyat zamanı yaralanıb. 2017-ci ildə yaralandığına görə Müdafiə Nazirliyindən ehtiyata buraxılıb.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin Çağırış şöbəsinə mütəxəssis vəzifəsinə təyin olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması zamanı qazi olub, Prezident təqaüdçüsüdür.

“Hərbi Xidmətdə fərqlənməyə görə”, “Vətən naminə”, “Fədai”, “Vətənpərvərlik işinin təşkilinə görə” və “Silahlı Qüvvələrin yüz illiyi” medalları ilə təltif edilib.

Röyal Əşrəfov 2010-cu ildən Müdafiə Nazirliyinin zabiti kimi hərbi xidmətə başlayıb, 2010-2017-ci illərdə cəbhənin müxtəlif istiqamətlərində xidmət edib. 2016-cı il tarixində aprel döyüşləri zamanı cəbhənin Ağdərə rayonu Talış kəndi istiqamətində əməliyyat zamanı yaralanıb. 2017-ci ildə yaralandığına görə, Müdafiə Nazirliyindən ehtiyata buraxılıb. Daha sonra “BORCH WERF” MMC şirkətində işləyib.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması zamanı qazi olub, Prezident təqaüdçüsüdür.