Qaradağda şəhidlərin xatirəsi anıldı - Foto

qaradagda-sehidlerin-xatiresi-anildi
Oxunma sayı: 1260

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ilk öncə Mərkəzin foyesində təşkil olunmuş sərgiyə baxış keçirilib.

Mərasimdən öncə 20 Yanvar faciəsinin iştirakçılarının və 20 yanvar şəhidinin ailəsinin Qaradağ rayon rəhbərliyi ilə görüşü təşkil olunub. Görüşdə rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir 20 Yanvar faciəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rayon rəhbərliyi 20 Yanvar hadisələrinin xalqın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirib: “Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalq kütlələrini daha da birləşdirərək, xalqımızın özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilmiş və tam siyasi-hüquqi qiymətini almışdır”.

Rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirilib. Görüşdən sonra Mərkəzin geniş zalında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş film nümayiş olunub və ədəbi-bədii kompozisiya göstərilib.