İyunun 14-də Qaradağ rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri təntənəli qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, Lökbatan qəsəbəsindəki Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyətinin məsul işçiləri, şəhid məzunların valideynləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak ediblər.
Süleyman Mikayılov Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıb. Rayonumuzda son illər ərzində təhsil ocaqlarının yenidən tikilməsi, əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilməsini təhsildə keyfiyyətin yüksəlməsinə təsir edən amil kimi qiymətləndirib. Müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb.
Məktəbin şəhid məzunu Məzdək Eyvazovun anası çıxışında şagirdlərə vətənə layiqli övlad olmağı, hər zaman Bayrağımızı uca tutmağı arzulayıb.
Birinci sinif şagirdləri məzunlara həsr edilmiş şeirlər söyləyiblər. Daha sonra son zəng çalınıb.



Son xəbərlər
Son Xəbərlər