Qaradağda Vətən müharibəsi şəhidləri anıldı - Fotolar

qaradagda-veten-muharibesi-sehidleri-anildi
Oxunma sayı: 1235

Lökbatan qəsəbəsi Heydər Əliyev Mərkəzində 27 sentyabr Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, YAP Qaradağ Rayon Təşkilatının sədri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdən öncə şəhid Hüseynli Türkayın atası Hüseynov Nizaminin kitab təqdimatı və 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin şagirdlərinin rəsmləri sərgilənib.

Respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib. Daha sonra Dövlət himni ifa olunub.

“Anım Günü”nə həsr olunmuş tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qeyd edib ki, ötən il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə başa çatdığını, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla münaqişəyə son qoyulduğunu, bu, sənədin həmçinin Ermənistanın kapitulyasiya aktı olduğunu, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb:

“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında qaradağlılar da böyük şücaət və əzmkarlıq nümunələri göstərmişdi. Vətən müharibəsində Qaradağ rayonu üzrə 2514 nəfər iştirak etmiş, onlardan 46 nəfəri şəhidlik zirvəsinə yüksəlmiş, 157-si isə yaralanmış, 65 nəfər əlillik dərəcəsi alıb. Ərazilərin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, müxtəlif orden və medallarla təltif olunub.

Əlbəttə, zaman ötdükcə dövlətimizin və ordumuzun bu tarixi Qələbəsinin bütün tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacaq, bunu daha ətraflı dərk edəcəyik. Vətəni canından əziz tutanlar heç vaxt unudulmayacaq”.

Daha sonra Şəhid Hüseynli Türkayın atası Hüseynov Nizami çıxış edərək qeyd edib ki, Vətən Müharibəsinin ilk günlərindən hərbi əməliyyatlarda övladı Hüseynli Türkay də iştirak etmiş, igidlik, şücaət nümayiş etdirərək şəhidlik zirvəsinə ucalıb. 

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, müavinlər, şöbə müdirləri və icra hakimiyyətinin əməkdaşları qəsəbələrdə dəfn olunmuş bütün şəhid məzarlarını ziyarət edib.