Bu gün Avropa Azərbaycan Məktəbində “TEAS PRESS” Nəşriyyat Evinin yeni məhsulu - uşaqlar üçün “Qaranquş” adlı jurnalın ilk buraxılışının və www.qaranqush.az adlı internet səhifəsinin təqdimatı keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, tədbiri jurnalın baş redaktoru Aysel Zahidqızı açaraq bildirib ki, jurnalın hazırlanmasında Azərbaycanın tanınmış uşaq yazarları və illüstratorları iştirak ediblər: “Jurnalın əsas maskotu fərqli dizayn edilmiş qaranquşdur və oxucular üçün müxtəlif məlumatlar onun dilindən təqdim olunur. Məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan jurnalda maraqlı hekayələr, məqalələr, oyunlarla yanaşı ingilis dilində mövzulara da yer verilib. Jurnal hazırlanarkən ibtidai siniflər üçün tədris planında yer alan mövzulara uyğun hekayə və məqalələr yazılıb. Məhz bu xüsusiyyətinə görə, jurnal həm müəllimlər, həm də şagirdlər üçün xüsusilə faydalıdır. “Qaranquş” jurnalında 5-10 yaş arası bütün uşaqları maraqlandıran mövzulara aid rubrikalar var”.
Jurnalın “Qaranquş” adlandırılmasına gəlincə, A. Zahidqızı deyib ki, qaranquş baharın müjdəçisi olduğundan jurnalın da uşaqlara sevinc gətirəcəyinə inanırlar. Hər ay nəşr olunacaq jurnal 44 səhifədən ibarət olacaq.
Tədbirdə tanınmış şairlər Zahid Xəlil, Qəşəm Nəcəfzadə, məktəbin şagirdləri, KİV nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “TEAS PRESS” Nəşriyyat Evi Azərbaycanda nəşriyyat işinə dəstək vermək, xarici dillərdən akademik nəşrlərin Azərbaycan dilinə yüksək keyfiyyətlə tərcüməsi və nəşri, həmçinin Azərbaycanın xaricdə tanıdılmasına töhfə vermək məqsədilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilib.
“TEAS PRESS” Nəşriyyat Evi “3 alma” əmtəə nişanı ilə azyaşlı uşaqlar, yeniyetmə və gənclər, eləcə də müəllim və valideynlər üçün bədii və elmi – kütləvi kitablar nəşr edir.










Son xəbərlər
Son Xəbərlər