Qarayev vətəndaşlarla görüşdü - Fotolar

qarayev-vetendaslarla-gorusdu
Oxunma sayı: 954

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 22-də Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 20-dən çox vətəndaşın müraciətinə baxılıb. Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı olub.

Qəbula yazılan Kürdəmir sakinləri rayonda kino nümayişi işinin yaxşılaşdırılması üçün “Nizami” kinoteatrının binasından səmərəli istifadə edilməsi, Şahbəyli kəndi ərazisində yerləşən “Sarıtəpə” abidəsinin qeydiyyata alınması, rayon Mədəniyyət mərkəzində kukla teatrının fəaliyyəti üçün müvafiq avadanlıqların verilməsi, eləcə də işlə təmin olunma barədə xahişlərini diqqətə çatdırıblar.

Beyləqandan qəbula gələn vətəndaşların müraciətləri rayonun Türklər kəndində fəaliyyət göstərən “Yaylalar” folklor rəqs qrupunun respublika tədbirlərində iştirakına köməklik göstərilməsi, rayondakı Heydər Əliyev Mərkəzinin ümummilli liderin Beyləqana səfərlərinə dair foto və video materiallarla təmin olunması, Uşaq musiqi məktəbinin 50 illiyinin qeyd edilməsi barədə olub.

İmişli sakinləri kino nümayişi avadanlığı ilə təchizat və bu sahədə çalışacaq insanlar üçün müvafiq kursların təşkil olunması, rayon ərazisində arxeoloji qazıntıların aparılması, rəsm qalereyasına yeni əsərlərinin verilməsi və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Füzuli rayonundan qəbula yazılanların xahişləri Zobucuq və Qayıdış qəsəbələrində klub müəssisələrinin fəaliyyətinin bərpa olunması, Füzuli xalq teatrının geyim və dekorasiyalarla, mədəniyyət evləri və klubların milli rəqslərlə bağlı əyani vasitələrlə təchizatı, büdcədənkənar vəsaitin toplanılması məqsədilə ödənişli əsaslarla yaradılan dərnəklərə sertifikatların verilməsi barədə olub.

Xocavənd sakinləri tərəfindən isə kitabxanaların müxtəlif ədəbiyyatla, o cümlədən aqrar sahə, xüsusilə pambıqçılıq və baramaçılığa aid elmi nəşrlər, Qarabağın tarixi ilə bağlı yeni kitablarla təmin olunması xahiş edilib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydə alınıb.