Qarayevin növbəti görüşü - Fotolar

qarayevin-novbeti-gorusu
Oxunma sayı: 763

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev 2017-ci ilin 4-6 may tarixində Bakı şəhərində keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil ediləcək Beynəlxalq Təşkilatların Yüksək səviyyəli Görüşü ilə bağlı müzakirələr aparmaq üçün Nyu-Yorkda səfərdədir.

"Qafqazinfo" xəbər verir ki, səfər çərçivəsində ilk olaraq BMT Baş katibinin kabinet rəhbəri Maria Luiza Ribeiro Viotti ilə görüş keçirilmişdir. Xanım Viotti BMT Baş katibinin səfərdə olduğunu qeyd edərək, nazirlə görüşməkdən məmnun olduğunu bildirib. Görüşdə BMT Baş Katibinin və yaxud onun yüksək səviyyəli nümayəndəsinin iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.

Daha sonra nazir Əbülfəs Qarayev BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Jefri Feltman ilə görüşüb. Feltman keçən il Bakıya səfəri zamanı nazirlə görüşünü xatırlayaraq, Bakının gözəlliyinin onda xoş təəssüratlar yaratdığını vurğulayıb. Nazir Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin fəaliyyəti üçün əhəmiyyəti barədə cənab Feltmana da məlumat verərək tədbirin mövzusunun “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” olduğunu bildirib.

Daha sonra nümayəndə heyəti BMT-nin ali orqanlarından biri, BMT-nin İqtisadi və Sosial Şurası-ECOSOC-un prezidenti Frederik Makamure Şava ilə, həmçinin BMT Sivilizasiyalar Alyansının rəsmiləri ilə görüşlər keçirilib.