Qardaşı qızını qaçıran Qərblə Şərqin yerini bilirmi?

qardasi-qizini-qaciran-qerble-serqin-yerini-bilirmi
Oxunma sayı: 1852

Nərmin Dadaşova

Neçə gündür  Təhsil Nazirliyi ilə girinc-giriftarıq. Valideynlər dərsliklərdən “ayə”lər paylaşırlar sosial şəbəkələrdə.  Məsələn, coğrafiya dərsliyində Comolunqmanın hündürlüyü təxminən uşaqlara belə təqdim edilib: Allahın köməkliyi ilə Comolunqma dağının hündürlüyü 8848 metrdir, inşallah. İnanmırsız Qurana baxın, orada yazılıb. 

Heyrətamizdir.  Elmin əsrlərdir təsdiqlədiyi həqiqətləri uşaqlara and içə-içə yedirtmək, sözün əsl mənasında, heyrətamizdir. Neçə gündür istəyirdim bununla bağlı yazı yazam. Dedim əşşi, nəmə lazım?! Yazının adını görən  kimi tökülüşəcəklər üstümə ki, sən kafirsən. Heç kimi də başa sala bilməyəcəm ki, sənin balalarının rifahı naminə özümü didib-tökürəm.  Elə  yazım-yazmayım dilemması qarşısında aciz idim ki, dünən başqa heyrətamiz xəbərə müsafirlik etdi  qulaqlarımız. 

Belə ki, gözəlim Gəncədə əmi eşqə düşüb qardaşı qızını qaçırdıb özünə arvad edib. 38 yaşlı aşiqin ilk nikahından üç, 23 yaşlı “aşiqə”nin isə 2 uşağı var.  Uca Şirvin, hardasan?  Məsələnin ən dəhşətül-vəhşət hissəsi isə yenicə qovuşmuş  əmi-balanın molla kəbini kəsdirərək işi kökündən həll etməsidir. Alın, bu da sizə dinin yetişdirdiyi insan- Cənabi molla.

Hə, bir də bu vurhavurda məsələ ilə bağlı yayımlanan sujetdə bütün bunlar Qərbin boynuna yıxılıb.  Allah eşqinə, əmi bir tərəfə, siz heç  Avropada bir-biri ilə evlənən “cousine” gördünüzmü?  Bir  balaca məntiqinizi işlədin, qardaşı qızına gözü düşən biri sizcə, Qərbin, Şərqin, Şimalın, Cənubun harda olduğunu bilirmi? Yenə bunu bizim gənc “azad seks” həvəskarları etsə, deyərəm uşaqdılar, Avropanın yaxşısını qoyub pisini götürüblər.  38 yaşında üç uşağa ata olmuş olqun bir kişinin atdığı bu addım sizə də elə gəlmirmi ki, o müdhişamiz deyimdən tumurcuqlayıb?! - “Əmi qızı ilə əmi oğlunun kəbini göydə kəsilib”! Sadəcə bu cənab bir dayanacaq tez düşüb, oğul-uşağa saxlamayıb məsələni, özü həll edib. 

Namus üstə qan töküb baş kəsən, əmiyə ata yarısı, xalaya ana yarısı deyilən məmləkətdə bizim bu hadisəyə belə ironik yanaşmamızın səbəbi bilirsinizmi nədir? Çünki biz artıq özümüzdən hər şey gözləyirik.  Bu gün əmi-balanın kəbinini kəsmiş o molla cəzasını almasa, sabah bacı-qardaş üçün də bunu edəcək, inanın mənə heç ruhu da inciməyəcək.  

Tragikomediyadır vallah, sən get qanı-qanından olan qardaşın qızını qaçırt – utanıb qızarma. Ancaq kəbin kəsdirməyi də unutma. Günahdı axı... Naməhrəmdir.