“Qarşı tərəf böyük itkilər verir” - Fotolar

qarsi-teref-boyuk-itkiler-verir
Oxunma sayı: 4188

Cəbhəboyu zonada yerləşən yeni hərbi hissə istifadəyə verilib.

“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, zabit, gizir və əsgər yataqxanaları, xidməti, tədris və istirahət otaqları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlərlə tanış olub.

Mərasimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edib.

“Ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir. Ordunun yüksək dağıdıcı gücə malik silahlarla təmin olunması işini bu il də davam etdirəcəyik. Şəxsi heyət dövlətin, xalqın etimadını doğrultmaq üçün gecə- gündüz durmadan çalışmalı və xidməti döyüş hazırlığını yüksəltməlidir. Cəbhədə, ön xətdə, səngərlərdə xidmət edən əsgər və zabitlərimiz yüksək qəhrəmanlıq, peşəkarlıq göstərirlər. Düşmənin başını qaldırmağa belə imkan vermirlər. Qarşı tərəf böyük itkilər verir. Bu haqq işimizi davam etdirəcək və düşməni darmadağın edəcəyik. Xocalı soyqırımını həyata keçirən, günahsız insanları qətlə yetirən mənfur düşmənlərimizi məhv edərək bütün şəhidlərin qisasını alacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik”, - deyə müdafiə nazir vurğulayıb.