“İlk dəfə idi çempion olurdum. Komanda yoldaşlarımı və bütün “Qarabağ” azarkeşlərini təbrik edirəm. Çempion olmaq gözəl hissdi”. “Qafqazinfo” xəbər verir ki, bu sözlər “Qarabağ”ın futbolçusu Ağabala Ramazanova məxsusdur.
Ağdam klubu Topaz Premyer Liqasının XXVI turunda səfərdə “İnter”i böyükhesabla (0:3) məğlub edib və mövsümün sonuna 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Matçdan sonra saytımıza açıqlama verən millimizin futbolçusu qış transfer dönəmində transfer olduğu “Qarabağ”ın çempionluğundakı rolundan danışıb: “Əlbəttə ki, çempionluqda mənim də əziyyətim az olmayıb. Klubumuzda bunu dəyərləndirirlər, buna görə hər kəsə təşəkkür edirəm”.
Ramazanov oyunun gedişində əvəzləndiyi zaman sabiq klubunun texniki zonasına gedib və məşqçilər heyəti ilə görüşüb. Yarımüdafiəçi həmin hərəkəti belə izah edir: “Sırf minnətdarlığımı bildirmək üçün “İnter”in texniki zonasına getdim. Çünki Zaur Svanadze müsahibəsində mənə təşəkkür etmişdi. O, məni düşünübsə, mənim qarşılıq verməməyim, fikrimcə, hörmətsizlik olardı. Mən onları “bürünc”ü təmin etdikləri üçün, onlar da məni çempion olduğum üçün təbrik etdilər. “İnter”dən ayrılanda hallalaşdığı üçün, onlarla heç bir problemim yoxdur. Mən bu hərəkəti özümə borc bildim. Çünki “İnter”in üzərimdə əziyyəti çoxdur”.
Ramazaov bildirib ki, bundan sonra öz oyununda daha da artım olacaq: “Elə bir xasiyyətim yoxdur ki, “ulduz xəstəliyi”nə tutulum. Çalışacağam ki, davamlı uğurlar qazanım”.
Ağabala ölkə kubokun finalında mayın 5-də “Qəbələ”yə qarşı keçirəcəkləri oyun barədə də fikir bildirib: “Final Naxçıvanda olacaq. “Xəzər Lənkəran”ın heyətində superkubokun finalında həmin stadionda oynamışam. Həmin vaxt meydançanın durumu ideal deyildi, amma indiki vəziyyətdən xəbərsizəm. Çalışacağıq ki, daha bir kubok qazanaq”.
Son xəbərlər
Son Xəbərlər