Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən, “Real MTK”nın həbsdə olan rəhbəri İlham Qasımov iştirak etsə də, ifadə verməkdən imtina edib.
Onun qardaşı İslam Qasımov ifadə verərək A.Çovdarova pul vermədiyini deyib. O, bildirib ki, pulu MTN-nin başqa əməkdaşlarına verib və təqsirləndirilən şəxslərdən heç kimi tanımır.
Digər zərərçəkən Tahir Mirzəyev də saxlanılaraq MTN-ə aparıldığını, bir neçə saat sonra sərbəst buraxıldığını deyib və ondan pul alınmadığını bildirib.
Daha sonra şahidlər ifadə verib.
Şahid, “Qaradağ maşınqayırma” ASC-nin idarə heyətinin sədri Asif Bədəlov “ifadə verərək deyb ki, Techmarin LTD”nin həmtəsisçisi Arif Həsənovu MTN polkovniki Füzuli Əliyevlə tanış edib: “Füzuli Əliyevlə məni isə Səbail Rayon Polis İdarəsinin rəisi İlqar Mahmudov tanış etmişdi. Arif Həsənov şəriki haqda sənədləri Füzuli Əliyevə vermişdi, o da yoxlama aparmışdı. Amma yoxlamanın nəticələrindən mənim xəbərim olmadı”.
Qeyd edək ki, İ.Mahmudov sabiq nazir Eldar Mahmudovun əmisi oğludur.
İttihama görə, MTN-də A.Həsənovdan hədə-qorxu yolu ilə külli miqdarda pul alınıb.
Məhkəmə prosesi aprelin 5-də davam etdiriləcək.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər