Qayınatasını döyənin məhkəməsi - “Atla getdim...”

qayinatasini-doyenin-mehkemesi
Oxunma sayı: 715

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını döyməkdə təqsirləndirilən Rüzgar Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rahib Salamanovun icraatında olan prosesdə baxış iclası keçirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Məlum olub ki, R.Əsgərov ailə münaqişəsi zəminində qayınatası Tahib Abdullayevi döyüb.

İttihama münasibət bildirən Rüzgar Əsgərov özünü təqsirli bildiyini deyib.

R.Əsgərov əməlini etiraf edərək hadisənin necə baş verməsini danışıb: "Ailəmizdə problem var idi, amma dağılmasını istəmirdim. Buna görə də söhbət etmək üçün ata minib onlara getdim. İçkili idim. Məni söydü, acıladı, mən də vurdum. İçkili olmasaydım vurmazdım, çünki valideynim yerinə qoyurdum".

Zərərçəkmiş, R.Əsgərovun qayınatası Rahib Abdullayev deyib ki, kürəkəni onun evinə gələndə yanında iki nəfər olub: "Biri qoluma girdi, sonra Rüzgar başıma, sifətimə vurdu. Bir nəfər də həyətdən çöldə idi. Onu heç vaxt bağışlamayacağam. İnsult oldum, yanıma gəlmədi.

Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.

Təqsirləndirilən R.Əsgərov həbs edilməyib, ev dustaqlığındadır.

Murad Əhməd