Qaynaqçının iddialarına Azfen-dən cavab

qaynaqcinin-iddialarina-azfen-den-cavab
Oxunma sayı: 2048

Bir neçə gün əvvəl “Qafqazinfo”da “Qaynaqçı Azfen-dən şikayətçidir” başlıqlı şikayət məktubu yayımlanmışdı. Məktubda şirkətdə qaynaqçı işləyən İsmayıl Muxtarov istehsalat prosesi zamanı əmək qabiliyyətini itirdiyini xatırladaraq şirkətin ona bu barədə tibbi rəy verməməsindən narazılığını bildirmişdi.

Bu gün isə sözügedən şirkətin baş direktoru Həmid Həsənov məsələ ilə bağlı “Qafqazinfo”ya məktub göndərib. Məktubda bildirilir ki, İsmayıl Muxtarov Şahdəniz-2 layihəsi çərçivəsində Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsində qaynaq maşını operatoru işləyib. 04.08.2015- ci il tarixində iş gününün sonunda İ. Muxtarov özünü pis hiss etdiyi üçün iş yoldaşları layihənin sahə həkiminə müraciət edib.

“Sonra şirkətin təcili tibbi yardım avtomobili ilə yaxınlıqda yerləşən Şirvan şəhər mərkəzi xəstəxasına çatdırılıb. Tibbi yardımdan sonra “Paşa Sığorta” şirkətinin göndərdiyi təcili tibbi yardım avtomobili ilə Mərkəzi Neftçilər Xəstəxanasına göndərilib. Hadisədən sonra Azfen tərəfindən Dövlət Əmək Müfəttişliyi dərhal məlumatlandırılıb. İ. Muxatarov müalicə olunduğu dövr üçün Azfen BM-ə təqdim olunmuş əmək qabiliyyəti olmamaq vərəqinə əsasən ona qanunvericiliyin tələbinə müvafiq olaraq müavinət hesablanıb, bank hesabına köçürülüb.

Onun müalicə olunduğu dövrdə həyat yoldaşı S. Əliyevanın müraciətlərinə cavab olaraq dəfələrlə izah olunub ki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının tısdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 28 fevral 2000- ci il tarixli , 27 saylı qərarının 1.2 bəndinin 11-ci abzasına əsasən işçinin səhhətinin pozulması tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult zamanı təhqiq edilməlidir. Lakin İ. Muxtarovun infarkt keçirməsinin onun əmək şəraiti ilə heç bir əlaqəsi olmadığı üçün qanunvericilikdə nəzərdə tutulan tibbi rəy də mövcud deyil. Buna görə də şikayətçinin Azfen BM-ə qarşı iddiasının heç bir əsası yoxdur”.

Günel Türksoy