Bu gün Bakı Ağır Cinayətlər Məhkəmsində keçmiş qaynının gözünü çıxararaq öldürməyə cəhddə təqdirləndirilən 1987-ci il təvəllüdlü Səyyaf Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə hazırlıq iclası baş tutub.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.
Proses iyulun 11-də davam etdiriləcək.
Qeyd edək ki, S.Həsənov keçmiş qaynı Elnur Cəbrayılovu yaşadığı mənzildə qətlə yetirməyə cəhd etməkdə ittiham edilir. Rəsmi məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Bakı şəhər sakini Elnur Cəbrayılovun evinə girib ona üz nahiyəsindən kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Səyyaf Həsənov tutulub.
Hadisə 2016-cı il iyunun 25-də Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb. Zərərçəkən E.Cəbrayılovun anası Səbinə Cəbrayılova mediaya açıqlamasında deyib ki, qızının keçmiş əri gecə saatlarında evlərinə daxil olaraq oğlunu öldürmək istəyib. Bu zaman bıçaqla onun bir gözünü çıxarıb, o birinə isə xəsarət yetirib. Boğazını kəsmək istəyəndə E.Cəbrayılov qolu ilə ona maneə olub. Səs-küyə ailənin digər üzvləri oyandığı üçün S.Həsənov pəncərədən qaçıb.
S.Həsənov isə ittihamı qəbul etmir və hadisə günü Bakıda olmadığını deyib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər