“Qaz təchizatı” ilə bağlı qanuna dəyişiklik edilir

qaz-techizati-ile-bagli-qanuna-deyisiklik-edilir
Oxunma sayı: 6557

“Qaz təchizatı” haqqında qanun layihəsi təkmilləşdirilir.

“Qafqazinfo” xəbər verir ki, layihənin təkmilləşdirilməsində məqsəd dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınmasıdır. Belə ki, layihəyə əsasən qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunur. Bu isə qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsi və texniki xidmətin səmərəliyinin yüksəlməsinə, baş verən və baş verə biləcək neqativ hallara daha operativ aradan qaldırılmasına, qaz paylayıcısının məsuliyyətinin yüksəlməsinə, qaz satışı və texniki xidmət sahəsində idarəçiliyin təkmilləşməsinə xidmət edəcək.

Bu çərçivədə qanuna aşağıdakı dəyişikliklər təklif olunur:

- qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblərin, eləcə də qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblərin müvafiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmasının təsbit olunması. Hazırda bu tələblərə riayət olunması qanunda təsbit olunsa da onların hansı orqan tərəfindən müəyyən olunması qanunda əks olunmamışdır;

- qaz paylayıcısının işçiləri tərəfindən ildə bir dəfə (hər il  noyabrın 1-dək) istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə müayinənin (ödənişsiz şəkildə) keçirilməsi. Müayinənin keçirilməsinin qayda və şərtləri qanunun 6-2-ci maddəsinə  və müayinənin keçirilməsi qaydasına  uyğun olaraq həyata keçiriləcəkdir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçıya hüquq veriləcəkdir ki, müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə seçim etsin. Eyni zamanda tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası da təsdiq ediləcəkdir ki, bu da müayinə və texniki xidmətin çərçivəsini  müəyyən etmək baxımından əhəmiyyətli olacaq; 

- qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntuları istehlakçı aşkar edərsə istehlakçının müraciəti əsasında qaz paylayıcısı tərəfindən 3 (üç) iş günü müddətində təkrar müayinənin aparılmasının nəzərdə tutulması;

- istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının müayinə aktı üzrə aşkar  edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə texniki xidmətin (təmir və digər əlaqədar xidmət işləri) keçirilməsinin tənzimlənməsi. Belə ki, bu cür texniki xidmət müayinə aktına uyğun olaraq qaz paylayıcı, yaxud istehlakçının seçdiyi ixtisaslaşmış podratçı (ixtisaslaşmış podratçıya dair ixtisas və digər tələblər qanunun 6-5-ci maddəsi ilə müəyyən olunub, onlar ixtisas attestatı almalıdırlar) və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçiriləcəkdir. Bu seçimin olması bu sahədə rəqabətli mühitin yaranmasına, ixtisaslaşlmış özəl qurumların təşəkkülünə, həmçinin xidmət keyfiyyətinin yüksəlməsinə, daha operativ texniki xidmət göstərilməsinə imkan verəcək; 

- qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestrin yaradılması, habelə müayinəyə və texniki xidmətə nəzarətin bu reyestr vasitəsilə həyata keçirilməsi. Reyestr müvаfiq dövlət orqanları və istehlakçılar üçün açıq olacaqdır. Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günü müddətində həmin reyestrə daxil ediləcəkdir. Eyni zamanda müvafiq dövlət qurumu reyestrə daxil edilmiş məlumatlar əsasında müəyyən olunmuş qaydalar əsasında monitorinq keçirilməsi yolu ilə müayinəyə və texniki xidmətə nəzarəti həyata keçiriəcəkdir, lazım gəldikdə aidiyyəti qurumlara icrası məcburi olan göstərişlər verəcəkdir; 
qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsinin bərpasının nəzərdə tutulması. Bu da qaz xəttinə yenidən qoşulma ilə bağlı praktikada rast gəlinən problemlərin həllinə kömək edəcək; 

- sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısının fəaliyyətinin tənzimlənməsi, vurulmuş ziyanın ödənilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsi. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərər hesablanarkən sayğaca müdaxilə, habelə qazdan qanunsuz istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınacaqdır ki, bu da vurulmuş ziyanın daha obyektiv hesablanmasına əsas verəcək; 

- qazdan istifadə edən istehlakçıların həyat və sağlamlığının, o cümlədən  hüquqlarının qorunması, fəaliyyətin səmərəliyinin artırılması və digər sahələrdə təkmilləşmə və dəqiqləşdirmə xarakterli dəyişikliklərin edilməsi. 

Qeyd edək ki, layihə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə çıxarılacaq. 

Günel Türksoy