Qazaxıstan Xalqı Assambleyası (QXA) sədrinin müavini, Qazaxıstan Respublikasının Prezidenti Administrasiyasının Qazaxıstan Xalqı Assambleyası Katibliyinin rəhbəri Canseit Tuymebayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfərə gəlib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, səfərin məqsədi Azərbaycanın və Qazaxıstanın müvafiq dövlət orqanları, o cümlədən Dövlət Komitəsi və QXA arasında diasporla iş, millətlərarası münasibətlər sahəsində əldə olunmuş təcrübənin öyrənilməsi, gələcək əməkdaşlıq və işgüzar əlaqələrin daha da möhkəmləndirilməsidir.
Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyub. Qonaqlar görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib. Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin məzarını ziyarət edərək üzərinə tər çiçəklər düzüblər.
Daha sonra nümayəndə heyəti ilə Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib. Görüşdə qonaqları səmimi salamlayan Dövlət Komitəsinin sədri Fuad Muradov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Qazaxıstan dövlətlərinin liderlərinin müstəsna xidmətlərini, ölkə rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib. Komitə sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində də ikitərəfli münasibətlərin əhəmiyyətindən danışıb.
Komitə sədri nümayəndə heyətinə Azərbaycan dövlətinin uğurlu diaspor siyasəti, son illər həyata keçirilən irimiqyaslı layihələr və proqramlar, eləcə də, Komitənin “Yol Xəritəsi”ndə nəzərdə tutulan hədəflər barədə geniş məlumat verib, Qazaxıstanda yaşayan azərbaycanlıların da yeni layihələrə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, hazırda Qazaxıstanda 200 mindən çox azərbaycanlı yaşayır və bu ölkədəki Azərbaycan icması ilə işin daha da keyfiyyətli qurulması olduqca vacibdir.
Səfər müddətində Qazaxıstanın nümayəndə heyətinin bir sıra dövlət qurumlarında rəsmi şəxslərlə görüşləri, bəzi elm və təhsil mərkəzləri, mədəniyyət ocaqları ilə tanışlığı nəzərdə tutulur.
Qazaxıstan nümayəndə heyətinin Azərbaycana səfəri davam edir


Son xəbərlər
Son Xəbərlər